Bakı. Ramil Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Ümid Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndələrinin və Sosial Demokrat Partiyasından vəkil edilmiş şəxslərin qeydə alınması məsələsinə baxılıb.
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsinin isə qeydiyyatı ləğv edilib.
Cari məsələlərin müzakirəsi zamanı danışan
M. Pənahov əlavə edib ki, qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 51 898 nəfərdir. Müşahidəçilərin 6 030-u ölkə, 45 868 nəfəri isə dairələr üzrə bu missiyanı həyata keçirəcəklər.
M. Pənahov Məkkədə Həcc ziyarətində olan Azərbaycan vətəndaşları üçün də şərait yaradıldığını bir daha xatırladıb. O, səsvermə prosesinin həyata keçirilməsi üçün Məkkə şəhərində 1 seçki məntəqəsinin yaradıldığını söyləyib: “Bu məntəqədə 3500-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirakı təmin ediləcək”.
MSK rəhbəri bu il ilk dəfə olaraq səs verəcək Azərbaycan vətəndaşlarına seçki məntəqəsində xatirə vəsiqəsi veriləcəyini də açıqlayıb.