Bakı. Mübariz Aslanov - APA. Azərbaycan parlamentinin bu gün keçirilən iclasında qiymətli kağızlarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllənin bir neçə maddələrinə dəyişiklik edilir.
Məcəllənin 206-cı maddəsinə edilən dəyişikliyə görə, qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə ediləcəklər.
Məcəllənin 207-ci maddəsinə də dəyişiklik edilib. Dəyişikliyə görə, qiymətli kağızlar emissiyası və buraxılışı qaydalarının pozulmasına görə fiziki şəxslərə 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 600 manatdan 800 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə ediləcəklər.
211-ci maddəsinə edilən dəyişikliyə görə isə qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimə ediləcəklər.
Layihə səsə qoyularaq qəbul olunub.