Bakı. Etibar Məmmədov - APA. Milli Şuranın üzvü Mustafa Hacıbəyli Rəsul Quliyevin Milli Şuradan çıxarılmasını təklif edib.
APA-nın məlumatına görə, o, qurumun bu gün keçirilən sessiyasında bildirib ki, R. Quliyevin mütəmadi olaraq Milli Şuranın əleyhinə fikirlər səsləndirir: “Milli Şuranın bütün fəaliyyətinə Rəsul Quliyev zərbə vurur. Ona görə də təklif edirəm ki, o, töəşkilatdan çıxarılsın”.
C. Həsənli isə bu məsələyə baxılmasının növbəti sessiyaya qalmasını istəyib: “Ya Rəsul Quliyevin öz müraciəti əsasında, ya da başqa formada bu məsələyə baxarıq. Tələsmək lazım deyil”.
Eldar Namazov isə bildirib ki, sessiyanın iclasında davamlı iştirak etməyən şəxslər var, onların Milli Şuradan avtomatik çıxarılması barədə qərar qəbul edilməlidir.
C. Həsənli E. Namazovun bu təklifini müsbət dəyərləndirib, deyib ki, nizam-intizam komissiyası bu məsələyə nəzarət etməli, müvafiq tədbir görməlidir.