Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyasının Gənclər Təşkilatı “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri ilə bağlı mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, təşkilatın sədri Əhliman Abbas bildirib ki, həbs olunan gənclər məhkəmə prosesində onlara qarşı irəli sürülən ittihamları rədd ediblər. Onun sözlərinə görə, prokurorun həbs olunan “Nida”çılara qarşı istədiyi hökm ədalətsizdir: “Hazırda proses yekunlaşmaq üzrədir. Lakin prosesin sonunun hara gedəcəyi bilinmir. Gənclər 5 gündür ki, aclıq aksiyası keçirirlər”.
Ə. Abbas qeyd edib ki, ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar da “Nida”çıların həbsinə heç bir reaksiya vermir.
Hərəkatın İdarə Heyətinin üzvü Turqut Qəmbər isə həbs olunanların aclıq aksiyasının davam etdiyini bildirib. T. Qəmbər sabah “Nida”çıların növbəti məhkəmə prosesinin keçiriləcəyini xatırladıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya bildirilib ki, “Nida” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvlərinin aclıq aksiyası etməsi barədə olan məlumatlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxslər buna etiraz olaraq aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. Həbs olunan 3 “Nida”çının valideyni aprelin 20-dən aclıq aksiyasına başlayıb.