Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Müsavat Partiyası Məclisinin toplantısı keçirilib.
Müsavat Partiyası Divanının üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, toplantıda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı fikir mübadiləsi aparılıb.
Müsavat başqanı İsa Qəmbər, Divan üzvləri və Məclis üzvlərinin əksəriyyəti bələdiyyə seçkilərində iştiraka tərəfdar olub. Bələdiyyə seçkilərində partiyanın iştirakına tərəfdar olan T. Abbaslı çıxış edərək məsələnin səsə qoyulmasını təklif edib. Partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ səsverməyə çıxarılıb. Məclis 1 nəfər əleyhinə, 1 nəfər isə bitərəf olmaqla bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib. Qərarda rayon təşkilatlarına seçkilərə hazırlıqlarla bağlı tapşırıqların verilməsi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı hakimiyyətə və beynəlxalq təşkilatlara müraciət edilməsi də əksini tapıb.
Məclis “Siyasi məhbus” kimi təqdim olunan şəxslərlə bağlı bəyanat qəbul edib.