Bank Of Baku

Prezident: “Son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb”

Prezident: “Son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb”
# 19 oktyabr 2013 23:45 (UTC +04:00)

Bakı-APA. “İqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da keçirilmiş inauqurasiya mərasimində çıxışı zamanı bəyan edib.  Prezident son on il ərzində əldə edilmiş nailiyyətlərin beynəlxalq ekspertlər tərəfindən ciddi şəkildə təhlil ediləcəyinə əmin olduğunu bildirib: “On ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə də təmin edəcək”.

 

Dövlət başçısı qeyd edib ki, son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb ki, onlardan 900 mini daimi iş yeridir: “İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan götürək. İki regional beşillik proqram icra edilib. Bölgələr abadlaşıb, canlanıb. Bölgələrdə infrastruktur yaradılıb və regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq azalıb”.

 

Son on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulduğunu deyən prezident İlham Əliyev bu sərmayənin təxminən yarısının xarici sərmayə olduğunu qeyd edib: “Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Eyni zamanda, yerli investisiyalar da artır. Əlbəttə ki, yerli investisiyaların strukturunda daxili sərmayə üstünlük təşkil edir. Ancaq yerli özəl sektor da bu işlərə fəal qoşulub. Azərbaycanda gözəl investisiya iqlimi var. Azərbaycanda çox uğurlu iqtisadi inkişaf müşahidə olunur”.

 

Prezident İlham Əliyev qeyd edib ki, son on il ərzində yoxsulluqla bağlı tədbirlər gözəl nəticələrə gətirib çıxarıb: “On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb. Bu, əlbəttə ki, iqtisadi islahatların uğurlu olmasından xəbər verir. Eyni zamanda, Azərbaycan sosial dövlət kimi öz sözünü deyib. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə müşahidə olunur. Ölkə iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu pisləşə bilər. Biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilib. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə də prioritet olaraq qalacaq, iqtisadi sahədə uğurlar əminəm ki, bundan sonra da davam edəcək. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir – təxminən ümumi daxili məhsulun 7-8 faizini təşkil edir. Dünya miqyasında bu, ən yaxşı göstəricilərdən biridir”.

 

Dövlət başçının sözlərinə görə, Azərbaycan investisiya qoyuluşu üçün çox gözəl ölkəyə çevrilib və növbəti illərdə investisiya qoyuluşu davam edəcək: “Biz son on il ərzində valyuta ehtiyatlarımızı bir neçə dəfə artıra bilmişik. Baxmayaraq ki, biz, eyni zamanda, böyük infrastruktur layihələrinə Dövlət Neft Fondundan vəsait götürürük, hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxındır. Bu, onu göstərir ki, iqtisadi və sosial siyasət bir-birini tamamlayır. Eyni zamanda, bizim iqtisadi siyasətimiz güclü zəmin üzərində qurulub. Biz xarici borcdan asılı deyilik. Baxmayaraq ki, bəlkə bu gün Azərbaycana borc vermək üçün təşkilatlar növbəyə düzülürlər, buna ehtiyac yoxdur. Biz hər şeyi düşünülmüş şəkildə edirik, iqtisadi siyasətimizi elə aparırıq ki, bu siyasət dayanıqlı inkişafa xidmət göstərsin. İldən-ilə artan valyuta ehtiyatlarımız, açılan yeni iş yerləri, sosial müdafiə məsələlərinin həlli bizim müstəqilliyimizin nə qədər güclü olmasını göstərir”.

 

“Biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının istedadına, zəhmətinə güvənirik. Ona görə Azərbaycan dünya miqyasında hətta böhranlı illərdə uğurla inkişaf edib. Bəziləri xüsusilə əvvəlki illərdə bizim uğurlarımızı neft amili ilə bağlamaq istəyirdilər. Amma hazırda həyat və bizim nəticələr göstərir ki, əgər neft amilinin əvvəllər rolu olubsa, indi bu rol o qədər də böyük deyil”, deyə dövlət başçısı vurğulayıb.

 

“Əsas uğurların səbəbi düşünülmüş siyasətdədir”, deyən ölkə başçısı burada müstəqil xarici siyasətin öz rolunu oynadığını qeyd edib: “Cəsarətli siyasətimiz uğurlarımızı şərtləndirə bilib. Bütün beynəlxalq aparıcı qurumlar iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirir və öz reytinqlərində yüksək yerlərə layiq görürlər. Dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görüb. Bu, Azərbaycanda iqtisadi sahədə aparılan ciddi islahatların nəticəsidir. Bu islahatlar davam etdiriləcək. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, eyni zamanda, biz öz daxili bazarımızı qoruyuruq və qoruyacağıq. Biz daxili istehsalçılara daha da əlverişli şərait yaradırıq və yaradacağıq”.

 

Prezident İlham Əliyev sahibkarlığın inkişafı məsələsinə toxunaraq son on il ərzində bu sahədə böyük addımların atıldığını qeyd edib: “On ildə bir milyard manat dəyərində güzəştli kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna yönəldilib və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədləri güdülürdü. Belə olan halda sahibkarlığın inkişafının, orta təbəqənin yaradılmasının, yoxsulluğun azaldılmasının - bütün bu məsələlərin təməlində bizim düşünülmüş iqtisadi siyasətimiz və siyasi xəttimiz dayanır”.

 

Dövlət başçısı qeyd edib ki, sənayeləşmə ilə bağlı məsələlər də öz həllini tapıb: “Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hesab edirəm ki, on il ərzində çox böyük addımlar atılıb və bu siyasət davam etdiriləcək. Son on il ərzində Azərbaycan bizim üçün yeni olan sahələrə investisiya qoymağa başlayıb. Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilib. Bəlkə on il bundan əvvəl bu barədə danışmağa belə heç kimin fikri yox idi. Ancaq bu gün bu reallıq onu göstərir ki, siyasi iradə, peşəkar kadrlar və düzgün iqtisadi siyasət olan yerdə istənilən məsələ öz həllini tapa bilər.

 

Ölkə başçısı vurğulayıb ki, bu gün Azərbaycanın peyki - “Azərspace-1” artıq Azərbaycanı kosmik dövlət kimi dünyada tanıtdırır: “Kosmik sənayenin inkişafı sürətlə gedəcək. Dövlət əlbəttə ki, öz sözünü deyir və deyəcək. Burada dövlət vəsaiti əsas rol oynayır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR