Bank Of Baku

Ramil Usubov AŞPA məruzəçisi Maylis Repsi qəbul edib

Ramil Usubov AŞPA məruzəçisi Maylis Repsi qəbul edib
# 27 noyabr 2013 18:01 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Repsi qəbul edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı R.Usubov bildirib ki, polis əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. O qeyd edib ki, yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak edib.  

       

Görüş zamanı bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 Xidməti, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi, «Qaynar xətt», elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

 

Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə, ATƏT-in Bakı Ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında «Cəmiyyət dəstəkli polis» layihəsi həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini vurğulayıb.

 

Qonağın nəzərinə o da çatdırılıb ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin aidiyyatı idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə və bu ilin 9 ayı ərzində vətəndaşlarla kobud rəftara,  müxtəlif  hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1482 əməkdaş  cəzalandırılıb,  o cümlədən 114 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 109 nəfər tutduğu vəzifədən azad olunub, 20 nəfər isə cinayət məsuliyyətinə cəb olunub.  Görülən bu və digər məqsədyönlü işlərin nəticəsi olaraq ötən il polis əməkdaşları barədə şikayətlərin sayı 26 faiz, o cümlədən insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciətlər 45 faiz, Ombudsman Aparatına edilən şikayətlərin sayı 2 dəfə azalıb.      

 

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür. 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunub, 51 MSY-də isə əsaslı təmir işləri aparılıb.  

 

Xanım Maylis Reps səmimi qəbula, ətraflı məlumata və görülmüş işlərə görə təşəkkür edərək, insan hüquq və azadlıqlarının qorunması sahəsində istənilən ölkə polisi üçün vətəndaş dəstəyinin mühüm amil olduğunu vurğulayıb.

       

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri məruzəçini maraqlandıran sualları ətraflı cavablandırıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR