Bakı – APA. Ana Vətən Partiyası (AVP) Mərkəzi Şurasının bu gün növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri, AVP Gənclər Təşkilatı sədrinin fəaliyyəti və cari məsələlər müzakirə olunub.
Birinci məsələ ilə bağlı qərara alınıb ki, mayın 31-də partiya Ali Məclisinin yaz sessiyası çağırılsın və bələdiyyə seçkilərinə hazırlığa start verilsin. Bununla əlaqədar şöbələr üzrə müvafiq tapşırıqlar verilib.
Mərkəzi Şurada Gənclər Təşkilatının sədri Tural Məmmədovun fəaliyyəti geniş müzakirə olunub. Onun partiya etikası ilə bir araya sığmayan əməllərinin tutduğu vəzifə ilə uzlaşmadığı konkret faktlarla əsaslandırılıb və Gənclər Təşkilatı Əsasnaməsinin “Xüsusi müddəalar” bölməsinin I bəndinə əsasən, o, tutduğu vəzifədən azad edilib.
Gənclər Təşkilatının sədri vəzifəsinin icrası sədr müavini Mikayıl İbrahimova həvalə olunub. T. Məmmədovun partiyada üzvlük məsələsi müzakirə olunmaq üçün Mərkəzi Nəzarət Təftiş Komissiyasına tövsiyə edilib.