Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın cənub bürosunun məlumatına görə, hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə ittiham və müdafiə tərəflərinin şahidləri dindirilib. Prosesdə həmçinin təqsirləndirilən Yadigar Sadıqov ifadə verərək, cinayət törətmədiyini bəyan edib.
Təqsirləndirilən şəxsin vəkili Xalid Bağırov ittiham tərəfinin şahidlərinin ifadələrinin fərqli olduğunu bildirərək, onların hadisə baş verən gün mobil telefon danışıqlarının anten məlumatlarının məhkəməyə təqdim edilməsi, həmçinin zərərçəkmiş şəxsin yenidən məhkəmə-tibbi ekspertizadan keçirilməsi vəsatətləri ilə çıxış edib. Dövlət ittihamçısı isə bu vəsatətlərin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib.
Məhkəmədə müdafiə tərəfinin digər şahidlərinin ifadələrinin növbəti iclasda dindirilməsi ilə bərabər, həmin gün vəkilin vəsatətlərinə də münasibətin bildirilməsi qərara alınıb.
Növbəti proses dekabrın 4-nə təyin olunub.
Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.