Bank Of Baku

Yusif Bağırzadə: “Prezident seçkilərində hakim partiyanın namizədi qalib gələcək”

Yusif Bağırzadə: “Prezident seçkilərində hakim partiyanın namizədi qalib gələcək”
# 29 avqust 2013 10:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “AMİP seçkilərdə Milli Şuranın vahid namizədi daxil olmaqla, heç bir namizədi dəstəkləməyəcək”.

 

Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə verib.

 

Y. Bağırzadə AMİP-in seçkilərlə bağlı mövqeyini açıqlayaraq bildirib ki, partiya seçkilərdə öz namizədi ilə iştirak etməmək barədə qərar verib. Onun sözlərinə görə, partiya yalnız seçkiləri müşahidə edərək qiymət verəcək və seçki prosesinin nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.

 

Y. Bağırzadə onu da qeyd edib ki, partiya onun prezidentliyə namizəd olmasını təklif etsə də, o, müəyyən səbəblərə görə bu təklifdən imtina edib: “AMİP çoxpartiyalı sistemin əsasını qoyan bir partiya olaraq, həmişə həm parlament, həm bələdiyyə, həm de prezident seçkilərində iştirak edib. Baxmayaraq ki, partiya sədr olaraq mənim seçkilərdə iştirakımı istəyir, mən öz konstitusion hüququmdan istifadə edərək seçkilərdə iştirakdan imtina edirəm. Səbəb ondan ibarətdir ki, mən seçkiyə gedib bu seçkinin nəticələrinə legitim və ya qeyri-legitim “don geyindirmək” fikrində deyiləm. Partiyamız seçkilərdə müşahidəçi, seçki prosesini izləyən bir siyasi təşkilat kimi iştirak edəcək. Bu barədə Mərkəzi Şuranın qərarı olacaq. Eyni zamanda AMİP olaraq, heç kimin namizədliyini dəstəkləməyəcəyik. Şayiələr yayılır ki, guya biz Milli Şurada kiminsə namizədliyini dəstəkləyəcəyik. Bu iddialar həqiqətə uyğun deyil. AMİP Milli Şuranın vahid namizədini qəti surətdə dəstəkləməyəcək”.

 

AMİP sədrinin fikrincə, bu seçkilərdə sosial bazası daha güclü olan Yeni Azərbaycan Partiyasının namizədi qalib gələcək: “Çünki hakim partiya seçkilərə kifayət qədər güclü hazırlaşıb və YAP-ın namizədi seçkiyə qatılan namizədlərdən daha şanslıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR