Avtomobil daşımaları Mərkəzi Dəhlizdə, ümumiyyətlə, bütün yükdaşımalar sistemində çox böyük rol oynayır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov “Qara Dəniz və Xəzər Yükdaşımaları Forumu 2026” çərçivəsində deyib.
"Elə bir multimodal daşınma yoxdur ki, burada avtomobil daşımaları iştirak etməsin. Dəmir yolu və avtomobil daşımaları rəqabət aparan sahələr deyil, əksinə, dəmir yolu inkişaf etdikcə avtomobil daşımaları da paralel olaraq inkişaf edir", - Kənan Qurbanov qeyd edib
O bildirib ki, geosiyasi vəziyyət dəyişdikdə və Orta Dəhliz üzrə daşımalar artdıqda, avtomobil nəqliyyatı çevikliyi sayəsində bu dəyişikliklərə sürətli reaksiya verir.
Onun sözlərinə görə, son dövrdə Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb.
“Heç bir mübaliğəsiz deyə bilərəm ki, bu dəhlizdə (rəqəmsallaşma məsələsində - red.) əsas, lokomotiv rolu məhz Azərbaycan oynayıb və Azərbaycan burada aparıcı ölkə kimi çıxış edib”, - deyə ABADA baş katibi qeyd edib.
O bildirib ki, Azərbaycan artıq Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla elektron icazə mübadiləsi həyata keçirir. Bununla yanaşı, digər ölkələrlə də elektron sistemə keçidlə bağlı işlər davam etdirilir.
K.Qurbanov həmçinin elektron TIR üzrə ilk daşınmanın artıq həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və əsas daşıma sənədlərinin elektron formata keçirilməsi sərhədlərdə gözləmə müddətinin azalmasına və Mərkəzi Dəhliz üzrə daşımaların sürətlənməsinə ciddi təkan verə bilər.
“Orta Dəhliz zəncir kimidir və onun gücü ən zəif həlqəsindən asılıdır. Azərbaycan rəqəmsallaşmaya hazırdırsa, digər dövlətlərin də bu prosesə qoşulmasını təşviq etməlidir”, - Kənan Qurbanov əlavə edib.