Bank Of Baku

ADY: Orta Dəhliz üzrə Qərbdən Şərqə yük axınının artırılması istiqamətində iş aparılır

ADY: Orta Dəhliz üzrə Qərbdən Şərqə yük axınının artırılması istiqamətində iş aparılır
# 08 sentyabr 2026 10:40 (UTC +04:00)

Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılması üçün əks yüklənmənin təmin edilməsi və Avropadan Şərqə yük bazasının cəlb olunması istiqamətində iş aparılır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları (ADY) sədrinin müşaviri Emil Məmmədov “Qara Dəniz və Xəzər Yükdaşımaları Forumu 2026” çərçivəsində deyib.

Onun sözlərinə görə, əks yüklənmənin təmin edilməsi Orta Dəhlizin uzunmüddətli və sistemli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“Dəhlizin özü-özlüyündə xaotik və ya fraqmentar şəkildə inkişaf edə bilməz. Biz çalışırıq ki, dəhlizin inkişafı sistemli şəkildə həyata keçirilsin. Bunun üçün isə əks yüklənmə lazımdır”, - Emil Məmmədov bildirib.

O qeyd edib ki, əks yüklənmənin təmin edilməsi Orta Dəhliz üzrə yük həcminin artırılmasına və daşımaların maya dəyərinin optimallaşdırılmasına imkan verəcək: “Ən azı müəyyən sayda konteyneri mənşə ölkələrinə geri qaytarmaq imkanımız olacaq”.

ADY rəsmisinin sözlərinə görə, son illərdə əsas diqqət Çin mənşəli yüklərin və Mərkəzi Asiya ölkələrinin ixrac yüklərinin Orta Dəhlizə cəlb edilməsinə yönəlib.

“Əgər konteynerləşdirilə bilən yüklərdən danışırıqsa, əsasən Çin mənşəli yüklər nəzərdə tutulur. Biz bu yüklərin Orta Dəhlizə cəlb edilməsi üzərində işləmişik”, - deyə o əlavə edib.

Emil Məmmədov bildirib ki, paralel olaraq dəhliz boyunca, o cümlədən Qazaxıstan, Azərbaycan və Gürcüstanda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib.

Onun sözlərinə görə, hazırda əsas istiqamətlərdən biri də Azərbaycanın konteynerləşdirilə bilən ixrac yüklərinin cəlb edilməsidir. Bu məqsədlə bir neçə iri operatorla müzakirələr aparılır.

“Logistika sənayesinin çoxsaylı nümayəndələri də əlimizdə olan konteynerlərdən necə istifadə edə biləcəyimiz və Azərbaycan məhsullarının ixracını təmin etmək üçün hansı həllərin tətbiq oluna biləcəyi istiqamətində müxtəlif variantlar üzərində işləyirlər”, - ADY sədrinin müşaviri vurğulayıb.

O, həmçinin Orta Dəhlizin Avropa bazarında daha fəal şəkildə təşviq edilməsinin vacibliyini qeyd edib.

“Bu gün biz Avropadakı tərəfdaşlarla fəal əməkdaşlığa başlamışıq ki, sistemli iş quraq və Qərbdən Şərqə Orta Dəhlizə yük bazasının cəlb edilməsini təmin edək”, - Emil Məmmədov deyib.

Onun sözlərinə görə, Avropada Orta Dəhlizin təşviqində yerli tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:

“Avropa qitəsində Avropalı tərəfdaşların irəli sürdüyü konsepsiyalar daha çox etimad və proqnozlaşdırıla bilənlik yarada bilər”.

Emil Məmmədov qeyd edib ki, Avropadan Orta Dəhliz vasitəsilə Şərqə daşına biləcək yüklər arasında avtomobil sənayesi məhsulları, ehtiyat hissələri və digər hazır məhsullar yer ala bilər.

“Hazırda bütün məhsul siyahısını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Çünki hər şey dəhlizin yük göndərənlərə hansı imkanları təqdim edə bilməsindən asılı olacaq”, - deyə o bildirib.

ADY rəsmisi vurğulayıb ki, Avropadan Şərqə yük axınının artırılması üçün daşınma müddəti və xidmət səviyyəsi ilə bağlı tələblərin təmin edilməsi əsas məsələlərdəndir.

“Biz müəyyən xidmət tələblərini təmin etməliyik ki, yük göndərən özünü dəhlizdə rahat hiss etsin və təkcə daşınmanın qiymətinə deyil, həm də daşınma müddətinə həssas olan yük növlərini dəhlizə təqdim edə bilsin”, - Emil Məmmədov deyib.

O əlavə edib ki, bu istiqamətdə aparılan işlərin nəticələrinin 2027-ci ildən etibarən daha aydın görünəcəyi və Qərbdən Şərqə daşınacaq yüklərin həcminin sistemli şəkildə artırılacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR