ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2026-cı il avqustun 27-də dərc etdiyi hesabatda Hindistanda milli və dini azlıqlara, o cümlədən müsəlmanlara, siqhlərə, xristianlara və dalit icmasına qarşı sistemli təqiblər və insan hüquqları pozuntuları barədə məlumat verilir.
APA-nın xəbərinə görə, hesabatda bildirilir ki, Baş nazir Modinin rəhbərlik etdiyi partiyanın 2014-cü ildə hakimiyyətə gəlməsindən sonra azlıqlara münasibətdə daha sərt qanun və siyasətlər tətbiq olunmağa başlanıb.
Sənədə əsasən, ölkə həbsxanalarında saxlanılan şəxslərin təxminən 70%-i barəsində hələ məhkəmə hökmü çıxarılmayıb. Müsəlmanlar və siqhlər bu şəxslər arasında əhalidəki paylarına nisbətən daha yüksək nisbətdə təmsil olunurlar.
Məhkəmə sisteminin həddindən artıq yüklənməsi də vəziyyəti ağırlaşdırır. Aşağı instansiya məhkəmələrində təxminən 40 milyon, yüksək məhkəmələrdə isə 6 milyon iş baxılmasını gözləyir. Aşağı instansiya məhkəmələrindəki işlərin 25%-dən çoxu beş ildən artıqdır ki, yekunlaşdırılmayıb. Hesabatda bu ləngimələrin azlıq nümayəndələrinin illərlə məhkəmə hökmü olmadan həbsdə saxlanılmasına şərait yaratdığı vurğulanır. Nümunə kimi, Vətəndaşlıq Aktına qarşı dinc etirazlarda iştirak etmiş fəal Umar Khalidin terrorçuluqla mübarizə qanunvericiliyi əsasında 2020-ci ildən bəri məhkəmə hökmü olmadan həbsdə saxlanılması göstərilir.
Sənəddə siqh icmasına qarşı transmilli repressiyalara ayrıca diqqət yetirilir. Hindistanın xarici kəşfiyyat orqanının (R&AW) ABŞ və Kanadada yaşayan, müstəqillik tərəfdarı olan siqh fəallarına qarşı qanunsuz izləmə və sui-qəsd cəhdlərində iştirakı qeyd olunur. Ölkə daxilində isə hüquqlarını müdafiə edən və aqrar tələblər irəli sürən siqh fermerlərinin rəsmilər və media tərəfindən “separatçı” və “antimilli element” kimi təqdim edildiyi bildirilir.
Hesabatda dalitlərin kasta mənsubiyyəti və dini etiqad əsasında ayrı-seçkiliyə məruz qaldığı da vurğulanır. Siqhlərin çoxluq təşkil etdiyi Pəncab ştatında dalitlər əhalinin əhəmiyyətli hissəsini təşkil etsələr də, kənd təsərrüfatı torpaqlarının yalnız cüzi hissəsinə sahibdirlər. Hinduizmdən islam və ya xristianlığa keçən dalitlərin isə aşağı kastalar üçün nəzərdə tutulmuş məşğulluq, təhsil və sosial müdafiə güzəştlərindən məhrum edildiyi qeyd olunur.
Sənədə görə, Qucarat və Uttar-Pradeş kimi ştatlarda inək kəsimi və ya qanunsuz hesab edilən din dəyişmə ilə bağlı müəyyən əməllərə görə ömürlük həbs cəzası nəzərdə tutulur. Hesabatda radikal hindu qruplarının, o cümlədən “inək mühafizəçiləri”nin törətdiyi linç hadisələrinə qarşı rəsmi orqanların yetərli tədbir görmədiyi, yerli polisin isə dalitlərə və müsəlmanlara qarşı cinayətləri qeydə almaqdan yayındığı bildirilir. Həmçinin “buldozer ədaləti” adlandırılan praktika çərçivəsində azlıqlara məxsus ev və digər mülklərin məhkəmə qərarı olmadan kollektiv cəza vasitəsi kimi dağıdıldığı qeyd edilir.
Bu qiymətləndirmələr əsasında USCIRF ABŞ hökumətinə Hindistanı “Xüsusi Narahatlıq Doğuran Ölkə” kimi tanımağı, pozuntulara görə məsuliyyət daşıyan rəsmilərə qarşı aktivlərin dondurulması və viza qadağası daxil olmaqla hədəfli sanksiyalar tətbiq etməyi tövsiyə edib.