Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstanı əhatə edən CAMCA regionuna beynəlxalq maraq və diqqət sürətlə artır.
"APA-Economics" xəbər verir ki, bunu Rumsfeld Fondunun icraçı direktoru Sarah Tonucci Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, CAMCA regionu beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşısa da, onun rolu uzun müddət yetərincə qiymətləndirilməyib.
“Dünya nəhayət ki, Donald Ramsfeldin uzun illər bildiyi və müdafiə etdiyi fikri anlamağa başlayıb: CAMCA regionu beynəlxalq ictimaiyyətin son dərəcə mühüm və çox vaxt lazımınca qiymətləndirilməyən hissəsidir”, – Sarah Tonucci bildirib.
Onun sözlərinə görə, hazırda CAMCA şəbəkəsi regionda və onun hüdudlarından kənarda fəaliyyət göstərən 300-dən çox şəxsi birləşdirir.
Sarah Tonucci qeyd edib ki, 10 ölkəni əhatə edən bu şəbəkənin üzvləri müxtəlif təşəbbüslər vasitəsilə regional əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərirlər.
O, həmçinin Azərbaycandakı yerli tərəfdaşlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və CAMCA icmasının yenidən Bakıya qayıtmasından məmnunluğunu ifadə edib.