Elmar Məmmədyarov: "Ermənistanın status kvonu möhkəmləndirmək məqsədilə törətdiyi davamlı əməlləri beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə doğurur" - VİDEO

Elmar Məmmədyarov: "Ermənistanın status kvonu möhkəmləndirmək məqsədilə törətdiyi davamlı əməlləri beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə doğurur" - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2013 20:53 (UTC +04:00)

Bakı-APA. Dünya hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması ilə üzləşir. Dünya boyunca yüz minlərlə insan təcavüz, hərbi işğal, etnik təmizləmə, beynəlxalq ictimaiyyət üçün ən ciddi narahatlıq doğuran cinayətlərin müqabilində güclənməkdə olan cəzasızlıq mədəniyyətindən əziyyət çəkir. Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasının Ümumi Müzakirələrində çıxışında bəyan edib.

“20 il bundan öncə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək, Azərbaycana qarşı gücdən istifadə edilməsini və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə TŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib”, deyə XİN rəhbəri Elmar Məmmədyarov qeyd edib.

Nazir Elmar Məmmədyarovun sözlərinə görə, bu qətnamələr eləcə də beynəlxalq humanitar hüququn pozulması hallarını, xüsusilə Azərbaycanda böyük sayda mülki əhalinin zorakılıqla qovulmasını, mülki əhaliyə qarşı olan hücumları və onun ərazisinin bombardman edilməsini qabardıb: “TŞ-nın sədri tərəfindən 1992-1995-ci illər arasında qəbul edilmiş çoxsaylı bəyanatlar da bu mətnlər boyunca tərtib edilib. Ümumiyyətlə, yuxarıda qeyd olunan qətnamələr bu problem üzrə açıq şəkildə ifadə olunmuş ən kəsərli və icbari qərarlar olaraq, qəbul edir ki, Azərbaycana qarşı hərbi güc əməlləri törədilib və bu kimi əməllər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.

Elmar Məmmədyarovun sözlərinə görə, dərin təəssüf doğurur ki, ilk növbədə işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi TŞ-nın qəti tələbləri hələ də icra olunmayıb və ATƏT çərçivəsində 20 ildən artıq davam edən vasitəçilik səyləri hələ də nəticə verməyib: “Bunun müqabilində Azərbaycana qarşı davam edən təcavüzün səbəb olduğu əsas problemlərin təcili həllindən beynəlxalq birliyin diqqətini yayındırmaq məqsədilə Ermənistan tərəfindən mövcud vəziyyətin təhrif edilməsi istiqamətində addımlar atılır, TŞ-nın qətnamələrinin əhəmiyyəti aşağı salınır və onların müddəaları təhrif olunur”.

Azərbaycan XİN rəhbəri əlavə edib ki, Ermənistanın davam edən işğalçılıq iddiaları və işğal nəticəsində formalaşmış cari status kvonu möhkəmləndirmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi davamlı əməlləri və yüz minlərlə məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasına maneə olması həll prosesinə açıq təhdid yaradır və beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhlükə doğurur.

Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT-də irəli sürdüyü təşəbbüsü ilə 2005 və 2010-cu illərdə ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyaları işğal olunmuş ərazilərə səfər etdiyini qeyd edib. O hər iki missiya tərəfindən bu ərazilərdə məskunlaşma, sərhədlərin geniş şəkildə yenidən cızılması, ilkin coğrafi adların dəyişdirilməsi və mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə ayrı-seçkili münasibətin bəslənilməsi kimi qeyri-qanuni əməllər sənədləşdirildiyini vurğulayıb: “Amma, bu missiyaların hazırladıqları tövsiyələr kağız üzərində qalıb. Bundan əlavə, Suriya ermənilərinin Dağlıq Qarabağ və işğal edilmiş yeddi ətraf Azərbaycan rayonlarına yerləşdirilməsi barəsində son məlumatlar və bu ərazilərə və oradan uçuşların təşkil edilməsi cəhdləri və digər bu kimi qeyri-qanuni əməllər Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan torpaqlarını işğal etmək siyasəti yürütdüyü barəsində sübutları ortaya qoyur”.

Elmar Məmmədyarov qeyd edib ki, bu baxımdan, beynəlxalq birliyin münaqişənin danışıqlar yolu ilə həllinə əngəl törədən bütün əməlləri dərhal və qeyd-şərtsiz dayandırılmasının zəruriliyi israrla tələb etməsi olduqca vacibdir.

O qeyd edib ki, Ermənistanın işğalçı siyasətinin uğurla nəticələnməsi mütləq şəkildə qeyri-mümkündür: “Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsi olub, var və olacaq. Möhkəm və davamlı həllə nail olmağın və iki qonşu dövlət arasında sivil münasibətlər qurmağın yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köçkünlərin ayrılmaz hüquqlarına riayət edərək onların öz doğma yurdlarına qayıtmasının təmin olunmasıdır”.

XİN rəhbəri vurğulayıb ki, Beynəlxalq hüquq və TŞ-nın müvafiq qətnamələri də elə bunları tələb edir və bunlar da münaqişənin həll olunması prosesində heç bir vaxt sövdələşmə məsələsi ola bilməzlər: “Ən başlıcası isə Azərbaycan heç vaxt öz ərazi bütövlüyünə və ya öz vətəndaşlarının hüquq və azadlıqlarına xələl gətirə bilməz”.

Elmar Məmmədyarov qeyd edib ki, BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına, xüsusilə 51-ci maddədə əks olunmuş müddəalara xələl gətirmədən Azərbaycan münaqişənin həll olunması prosesinə başlayıb və buna etibarlı qalmaqda davam edir. “Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlı və ləyaqətli şəkildə Azərbaycanın bu regionunda yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi vacib və həyati əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk”, deyə nazir qeyd edib.

Nazir Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT üzv dövlətlərinin müxtəlif formatlarda Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən və onun ərazi bütövlüyü və suverenliyinə aid olan məsələlər münasibətdə nümayiş etdirdikləri prinsipial mövqelərini yüksək qiymətləndirir: “Biz BMT Nİzamnaməsinin məqsəd və prinsiplərinin qorunmasında beynəlxalq birliyin davamlı qətiyyətinə və onun Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyinə güvənirik”, deyə nazir qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR