Bakı Ali Neft Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 25 fevral 2014 07:31 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Məktəbdən APA-ya verilən xəbərə görə, tədbirdə Milli Məclisin üzvü, millət vəkili Ceyhun Osmanlı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov və BANM-nin kollektivi iştirak edib.

Xocalı abidəsini ziyarət etdikdən sonra BANM-də təşkil olunmuş mərasimdə çıxış edən rektor Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsi tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımlardan biridir. O vurğulayıb ki, Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən tək müsibət deyil. E.Qasımov ötən əsrlərə və əsrin əvvəllərinə nəzər salaraq, Quba, Bakı, Şamaxı soyqırımları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Xocalı faciəsinin düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd edən E.Qasımov vurğulayıb ki, bu soyqırımı həyata keçirən insanlar Ermənistan dövlətinin hazırkı siyasi elitasıdır.

Tədbirdə iştirak edən Milli Məclisin üzvü Ceyhun Osmanlı bildirib ki, Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlərdəndir.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağıraraq deyib ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün taleyüklü məsələdir.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəsissələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov qeyd edib ki, Xocalı soyqırımı kimi faciələrin gələcəkdə təkrarlanmaması üçün bu cinayətə dair reallıqlar dünya ictimaiyyətinə çatdırılmalı, onu törədənlər qanun və ədalət qarşısında cavab verməlidirlər.

Tədbirin sonunda Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən hazırlanmış “Xocalı - qərib obam” adlı tamaşa və BANM-nin tələbələri tərəfindən sosial şəbəkələrdə istifadə olunmaq üçün ingilis dilində hazırlanmış videoçarx nümayiş olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR