Xocalı qurbanları İstanbulda yad edilib - FOTO

Xocalı qurbanları İstanbulda yad edilib - <span style="color: red;">FOTO
# 26 fevral 2014 14:50 (UTC +04:00)

AAC-dan APA-ya verilən məlumata görə, bu yürüşlə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətlə yetirilən 613 nəfərin ruhu yad olunub.

Bir dəqiqəlik sükutdan sonra, anım mərasimində iştirak edən yüzlərlə İstanbul sakini eyni anda Boğaz üzərindən səmaya qətlə yetirilmiş hər bir kişi, qadın və uşaq üçün 613 işıq şarı buraxıb. Avropa Azərbaycan Cəmiyyətinin İstanbuldakı nümayəndəsi Rəna Rzayeva mərasimdə çıxış edərək deyib: “Xocalı faciəsi Azərbaycan tarixinin ağrılı bir səhifəsidir. Biz keçmişə qayıdıb törədilən ədalətsizliyə mane ola bilməsək də, bunu xatırlamaq bizim borcumuzdur. O faciəvi gecədə itirilən sadəcə Azərbaycan torpağı deyildi, insanlar evlərini, uşaqlıqlarını, xatirələrini, ümidlərini də itirdi. 63 uşaq, 106 qadın və 444 kişi qətlə yetirildi. Bu, sadəcə rəqəmlər deyil, bu analar və atalar, oğullar, qızlar və digər doğmalardır. Ailə üzvlərini və dostlarını itirənlər hələ də bu yara ilə yaşayırlar. Xocalı qətliamı əbədi olaraq Azərbaycan xalqının ürəyində və yaddaşında qalacaq”.

Tədbirdə çıxış edən tanınmış teleaparıcı Dəfnə Sarısoy nəzərə çatdırıb ki, Azərbaycan tarixində ən vəhşi qətliamın şahidi olmuş Xocalı Dağlıq Qarabağın ikinci ən böyük şəhəridir: “Xocalını anım tədbiri yalnız Azərbaycan üçün deyil, bu dərin kədəri bölüşən bütün türk icması üçün təşkil olunub. Mən bu Xocalı anım gecəsini təşkil etdiyinə görə AAC-a öz təşəkkürümü bildirirəm”.

Bundan sonra, Xocalı faciəsinin canlı şahidi, valideynlərini və bacısını itirən Xəzangül Əmirova öz həyat hekayəsini danışıb və bu zaman bir çox iştirakçı göz yaşlarını saxlaya bilməyib: “Ermənilər mənim anamı həmin gecə qətlə yetirdilər. Onlar bizi əhatəyə aldılar və əsir götürərək Əsgərana apardılar. İzdihamın arasında bir çox uşaq və qadın olmasına baxmayaraq, biz gedərkən belə onlar atəş açmağa davam edirdilər. Güllələrdən biri mənim beş yaşlı bacıma dəydi, mən onu yıxılan zaman əllərimlə saxladım. Mən onu qaldırmaq istədim, lakin o artıq ölmüşdü. Ermənilər atamı bağladılar. Məni onun yanına gətirdilər və mən onların atamın üstünə benzin tökərək od vurduqlarını öz gözlərimlə gördüm. Baxmayaraq ki, mən bu gün bu barədə böyük ağrı hissi ilə danışıram, bunu sizinlə paylaşmağım vacibdir”.

Tədbirdə “Natiq” Ritm Qrupu xüsusi olaraq hazırladığı Xocalı musiqi kompozisiyasını canlı ifa edib. Tədbir çərçivəsində Xocalı qətliamından dərhal sonra çəkilmiş fotolardan ibarət rəqəmsal sərgi təşkil edilib, Xocalının görüntüləri və Xocalının canlı şahidlərinin fikirləri əks olunmuş video nümayiş olunub.

Xüsusi qeyd olunmalıdır ki, tədbirin keçirildiyi Ortaköy Meydanı tarixən islam, yəhudi, pravoslav və digər dinlərin nümayəndələrinin birlikdə ibadət etdiyi İstanbulun ən kosmopolit məkanlarından biridir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR