Şöbə müdiri: “Orta məktəb məzunları arasında “2” alanların sayı azalır”

Şöbə müdiri: “Orta məktəb məzunları arasında “2” alanların sayı azalır”
# 14 iyul 2016 12:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunların arasında “2” qiyməti alanların sayı azalmaqdadır”.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev nazirliyin “Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabatında bildirib ki, 2012-ci illə müqayisədə ötən il IX sinif məzunları arasında buraxılış imtahanlarında “2” alan şagirdlərin sayı 14 faiz azalıb: “Digər tərəfdən, 2012-ci ildə buraxılış imtahanlarında 50 faiz şagird müsbət qiymət alıbsa, 2016-cı ildə bu rəqəm 67,3 faiz təşkil edib. Ümumilikdə isə son 3 ildə buraxılış imtahanlarında “2” alan şagirdlərin sayı 30 faiz azalıb”.

E. Əmrullayev qeyd edib ki, 2015-ci ildə hər 3 şagirddən 2-si imtahan fənninin hər ikisindən müsbət qiymət alıb. Ana dili fənni üzrə imtahanda alınan müvəffəq qiymətlər 2013-cü ildə 65, 2014-cü ildə 73, 2015-ci ildə isə 74 faiz olub. 2013-cü illə müqayisədə bu 9 faizlik artım deməkdir: "2015-ci ildə XI sinfin buraxılış imtahanlarında nəticələr əvvəlki illərdən fərqli olub. 2015-ci ilin XI sinfin buraxılış imtahanlarında şagirdlərin 63 faizi hər üç fəndən məqbul qiymət alıb. Qalan 37 faiz isə bir və ya bir neçə fəndən qeyri-məqbul qiymət alıb. Başqa sözlə, hər 3 şagirddən 2-si imtahanda hər 3 fənni kifayət qədər mənimsəyib”.

Şöbə müdiri onu da qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil üzrə göstərici dünya ölkələrinin ümumi orta göstəricisindən aşağıdır. E. Əmrullayev əlavə edib ki, bu il Bakı şəhəri üzrə 87 məktəbin bazasında 3000-dən artıq uşaq üçün məktəbəhazırlıq kursları təşkil edilib: “Bu da yaxın gələcəkdə ibtidai təhsildə keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR