“Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinə yeni sədr təyin olunub

“Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinə yeni sədr təyin olunub
# 31 iyul 2014 10:12 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank VTB (Azərbaycan)” ASC-nin Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni rəhbər öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayından Azərbaycan Mərkəzi Bankında attestasiyadan keçdikdən sonra başlayıb.

Yuri Yakovlev VTB Qrupunda 2006-cı ildən işləyir. O, 2011-ci ildən Nyu-Dehli şəhərində bankın filialına başçılıq edib.

VTB prezidenti - İdarə Heyəti sədrinin birinci müavini Vasiliy Titov Yuriy Dmitriyeviçin maliyyə sektorunda zəngin təcrübəyə malik olduğunu deyib: “O, qarşıya qoyulmuş məsələlərin həllindən uğurla gəlib, “Bank VTB” nin Hindistandakı fililalının işinin səmərəliliyini təmin edib. Biz əminik ki, onun rəhbərliyi altında “Bank VTB” (Azərbaycan) biznesin fəal inkişafını davam etdirəcək, əsas maliyyə göstəriciləri üzrə müsbət dinamikaya nail olacaq”-deyə V.Titov vurğulayıb.

Yakovlev Yuri Dmitriyeviç 1957-ci ildə anadan olub. Ali təhsillidir (Rusiya Federasiyası XİN-in Diplomatiya akademiyasının məzunudur) və iqtisadiyyat üzrə elmləri namizədi elmi dərəcəsinə sahibdir. Beynəlxalq ticari-iqtisadi münasibətlər sahəsində nüfuzlu mütəxəssisdir. Y.Yakovlev əmək fəaliyyətinə 1978-ci ildə başlayıb. 1980-ci ildən 2003-cü ilədək o, SSRİ Mədəniyyət Nazirliyində, RF-nin Xarici-iqtisadi əlaqələr nazirliyində, həmçinin RF-nin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışıb. Cənubi Asiya ölkələrində bir sıra iri həcmli beynəlxalq investisiya layihələrinin hazırlanması və gerçəkləşməsində iştirak edib. Eyni zamanda Y. Yakovlev kredit təşkilatlarında böyük iş təcrübəsinə malikdir. Belə ki, 2003-cü ildən və 2006-cı ildə VTB-yə keçənədək o, İnvestisiya Kommersiya Bankı “Russkiy İnvestisionniy Alyans” MMC-də Xarici ticarət əməliyyatları və müxbir münasibətlər idarəsinin rəisi və sonradan İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

“Bank VTB (Azərbaycan)” ASC “Bank VTB” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları “Bank VTB” ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR