Azərbaycanın iri filizsaflaşdırma kombinatı istehsal gücünü ikiqat artırmaq niyyətindədir

Azərbaycanın iri filizsaflaşdırma kombinatı istehsal gücünü ikiqat artırmaq niyyətindədir
# 10 sentyabr 2015 07:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan Polad İstehsalı Kompleksi”nin strukturuna daxil olan Daşkəsən Filizsaflaşdırma Kombinatında istehsal həcmi artıb və konsentratın keyfiyyəti yüksələrək 65%-ə çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsi müdirinin müavini Rəşid Fətəliyev məlumat verib.

Onun sözlərinə görə, “Azərbaycan Polad İstehsalı Kompleksi”ndə bəzi irəliləyişlərə nail olunub. Kompleksin strukturuna daxil olan Daşkəsən Filizsaflaşdırma Kombinatının fasiləsiz işini təmin etmək üçün yeni texnika və avadanlıqlar, o cümlədən iritonnajlı “BelAZ” karxana maşınları, ekskavator və buldozerlər alınıb.

R. Fətəliyev bildirib ki, hazırda kombinatın gücü illik 350 min tondur. İlin axırınadək onun 750 min tona, Gəncə şəhərində 2018-ci ildə metallurgiya zavodu tikilənədək isə 1,7 mln. tona çatdırılması nəzərdə tutulur. Hələlik alınan məhsul əsasən xarici ölkələrə ixrac edilir.

Nazirlər kabinetinin rəsmisi əlavə edib ki, Gəncə Alüminium Kompleksinin istehsal gücünün və ilkin alüminium istehsalının artırılması, son məhsulun istehsalına qədər texnoloji zəncirin qurulması və bu sahənin ixrac potensialının genişləndirilməsi istiqamətində də işlər davam edir. O qeyd edib ki, “Det.Al Alüminium” MMC-yə məxsus alüminium zavodunda keçən il 60 min ton metal məhsul istehsal edilib ki, onun da bir hissəsi daxildə istifadə edilib, əsas hissəsi isə xaricə ixrac olunub.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda qara metallurgiya müəssisələri tərəfindən 370 min tona yaxın metal məhsul (armaturlar, borular, konstruksiyalar) istehsal olunub ki, bunun da təxminən 250 min tonu “Bakı Steel Company” MMC-nin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR