Səlim Müslümov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Səlim Müslümov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
# 29 sentyabr 2017 10:41 (UTC +04:00)

Azərbaycanda Dünya Bankının əməkdaşlığı çərçivəsində ötən dövrdə birgə icra olunan layihə və proqramlar digər sahələrlə yanaşı, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, sosial infrastrukturun yaxşılaşdırılması, əmək və sosial müdafiə, təhsil, səhiyyə sistemlərinin təkmilləşdirilməsi kimi vacib sosial məqsədləri də əhatə edib. Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da sosial prioritetlərin, xüsusən əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinin davam etdirilməsində yeni əməkdaşlığa imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Səlim Müslümov Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyası ilə görüşdə bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən milli iqtisadiyyatın sağlam təməllər üzərində və iqtisadi şaxələndirmə əsasında, yeni çağırışlara uyğun inkişaf etdirilməsi yönündə aparılan siyasət son illərin qlobal iqtisadi böhranı şəraitində də ölkənin dayanıqlı inkişaf tempi nümayiş etdirməsinə imkan verib: “Son on ildə ümumdaxili məhsulun 3 dəfədən çox artdığı ölkəmizdə bu dövrdə qeyri-neft iqtisadiyyatında 2,6 dəfə artım əldə edilib. Bu uğurların davamı kimi, ötən il respublikanın qeyri-neft sənayesi 5% artıb, cari ilin 8 ayında isə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 4,3% artmasına nail olunub. Aparılan məqsədyönlü iqtisadi siyasət əmək bazarında da sabitliyin qorunub saxlanmasına, eyni zamanda əmək ehtiyatlarının məşğulluğuna yönəlik aktiv tədbirləri yüksələn xətlə davam etdirməyə zəmin yaradıb. Təkcə son 5 ildə, yəni 2011-2016-cı illərdə məşğul əhalinin sayında 8,8% artım özünü göstərib. Muzdlu əmək fəaliyyəti göstərənlərin sayı isə həmin dövrdə təqribən 10% artaraq cari ilin 01 avqust tarixinə 1 524,9 min nəfərə çatıb. Şəffaf biznes mühitinin formalaşdırılması, sahibkarlığın dövlət tərəfindən ardıcıl şəkildə maddi-institusional dəstəklənməsi, 2004-cü ildən indiyədək sahibkarlara 2 mlrd. manatdan çox güzəştli kreditlərin verilməsi və s. tədbirlər özəl bölmənin ümumdaxili məhsulda çəkisinin 80%-i ötməsi ilə paralel olaraq, onun məşğulluqda payının 76%-ə çatmasına imkan verib”.

Nazir aktiv əmək bazarı proqramları barədə məlumat verərək, son illərdə bu sahədə yeni və mühüm bir istiqamətin formalaşdırıldığını qeyd edib: “Bu istiqamət işsiz və işaxtaranların dövlət yardımından və müavinət sistemindən asılılığının aradan qaldırılmasına və onlarda sahibkarlıq düşüncəsinin formalaşdırılmasına, bunun üçün dövlətin dəstəyi ilə həmin insanların sahibkarlıq fəaliyyətinə keçidinin təmin olunmasına yönəlib. Özünüməşğulluq proqramı əsasında belə vətəndaşlara təmənnasız olaraq mal və materiallar verilməklə, onların ailə əməyinə əsaslanan və gələcəkdə ailə biznesinə imkan yaradan fərdi təsərrüfatlara yiyələnmələri təmin edilir. Bu, digər tərəfdən, qeyri-neft bölməsində istehsal və xidmətlərin, ümumən, iqtisadi fəallığın artmasına dəstəkdir. Növbəti ildən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqi əmək bazarının tələbləri əsasında digər aktiv məşğulluq tədbirləri kimi, bu proqramın da əhəmiyyətli şəkildə genişlənməsinə imkan verəcək. Həmçinin bu sistem əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılmasında da öz rolunu oynayacaq.

S.Müslümov bildirib ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ölkəmizdə dayanıqlı inkişafın qarşıdakı dövrdə də təmin olunmasına yönələn mühüm strateji hədəfləri müəyyən edir. Sənədin əhatə etdiyi fəaliyyət istiqamətlərindən biri də insan kapitalının inkişaf etdirilməsidir. Qeyd olunan hədəfə nail olunmasında mövcud işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə uyğun şəkildə artırılması, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması xüsusi önəm kəsb edir. Bu amil əmək bazarına çıxış və layiqli əmək imkanlarını artırdığı kimi, nəticə etibarilə əmək məhsuldarlığının yüksəldilməsini də şərtləndirir: “Kadr hazırlığının səmərəliliyinin və işçi qüvvəsinin keyfiyyətinin artırılmasına yönələn tədbirlərdən biri kimi, Dünya Bankı ilə birgə icra olunmuş “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində son illərdə 350-dən artıq peşə standartı və 63 kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib. Dünyadakı qabaqcıl təcrübə əsasında və beynəlxalq ekspertlərin iştirakı ilə İSCO88/08-ə uyğun şəkildə hazırlanan bu standartlar işçi qüvvəsinin yalnız yerli deyil, beynəlxalq bazarlarda da rəqabət apara bilməsinə hesablanıb”.

Əksərən qeyri-neft sektoru üzrə hazırlanan bu standartların sayının gələcəkdə bir neçə dəfə artırılmasının nəzərdə tutulduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, bu sahədə işlərin davamlılığını təmin etmək məqsədilə son illərdə nazirliyin aparatının məşğulluq siyasəti və demoqrafiya şöbəsinin tərkibində peşə standartları sektoru da yaradılıb: “Eyni zamanda, nazirlik işçi qüvvəsinin əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnməsi məqsədilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edir. Təkcə cari ilin 8 ayında 2 739 nəfər işsiz və işaxtaran şəxs belə kurslara cəlb olunub. Həmin kurslarda, demək olar ki, əksər peşələr modul peşə proqramları əsasında öyrədilir. Bizim əsas məqsədlərimizdən biri məhz ölkənin bölgələri üzrə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsini əhəmiyyətli şəkildə genişləndirməkdir. Digər tərəfdən, gənclərin əmək bazarında rəqabətədavamlı peşə və ixtisaslara istiqamətləndirilməsi üçün təkcə bu il 64,1 min nəfərə yaxın gənc peşəyönümü tədbirlərinə cəlb olunub”.

S.Müslümov Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramının ölkəmizdə iqtisadi inkişafın balanslaşdırılması yönündə fəaliyyətin əmək bazarı üzrə çevik tədbirlər kompleksinin dəstəklənməsinə yönəldilməsinin də önəmli ola biləcəyini vurğulayıb.

İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyanın üzvü, Ticarət və Rəqabətlilik Qlobal Praktikasının aparıcı iqtisadçısı Volfanq Fengler, Makroiqtisadi və Fiskal İdarəetmə Qlobal Praktikasının iqtisadçısı Nadir Ramazanov, İqtisadi Artım, Maliyyə və İnstitutlar üzrə proqram rəhbəri Jenevyev Boyro, Makroiqtisadi və Fiskal İdarəetmə Qlobal Praktikasının ölkə üzrə iqtisadçısı Yelena Bondarenko Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatların ölkədə ümumi iqtisadi dayanıqlığı stimullaşdırdığını vurğulayıblar. Onlar İqtisadi Artımın Bərpası Proqramının əsas məqsədinin də bu istiqamətdə islahatlara, habelə əmək bazarının inkişafı tədbirlərinə dəstək verməyə yönəldiyini bildiriblər.

Görüşdə qeyd olunan proqramın prioritetləri, əmək bazarının tənzimlənməsində yeni yanaşmalar, işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması, əmək resurslarının peşə və ixtisaslar üzrə bacarıqlarının daim inkişaf edən iqtisadiyyatın tələblərinə və müasir çağırışlara uyğun olaraq artırılması məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR