Son 5 ildə Azərbaycanda ödəniş sistеmləri ilə emal olunan ödənişlərin ümumi həcmi 46% artıb

Son 5 ildə Azərbaycanda ödəniş sistеmləri ilə emal olunan ödənişlərin ümumi həcmi 46% artıb
# 31 oktyabr 2014 16:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Son 5 ildə Azərbaycanda ödəniş sistеmləri ilə emal olunan ödənişlərin ümumi həcmi 45,9% artıb.

APA-Economics”in araşdırmalarına görə, 2009-cu ildə ölkədə ödəniş sistеmləri ilə emal olunan ödənişlərin ümumi həcmi 78311 mln. manat təşkil edibsə, 2013-cü ildə bu göstərici 114258 mln. manata yüksəlib.

(http://www.cbar.az/assets/2344/Banklararasi_odenish_sistemleri_vasitesile_odenish_emeliyyatlari.pdf)

Ödəniş sistеmləri ilə emal olunan ödənişlərin ümumi həcmi (2009-2013-cü illər üzrə)

2009-cu ildə ödəniş sistemləri üzrə aparılan ödənişlərin ümumi həcminin Ümumi Daxili Məhsulun həcminə nisbəti 2,26 dəfə, 2010-cu ildə 2,04, 2011-ci ildə 2,15, 2012-ci ildə 2,2, 2013-cü ildə isə 1,98 dəfə təşkil edib. (http://www.cbar.az/assets/2305/Esas_makroiqtisadi_gostericiler.pdf)

Ödəniş sistemləri üzrə aparılan ödənişlərin ümumi həcminin ÜDM həcminə nisbəti (2009-2013-cü illər üzrə)

Təkcə, bu ilin 9 ayında ölkədə ödəniş sistеmləri ilə emal olunan ödənişlərin ümumi həcmi 2009-ci ilin göstəricisindən 9313 mln. manat çox olub. Başqa sözlə, bu ilin III rübündə bu göstərici 87624 mln. manat təşkil edib.

Nagdsız hesablaşmalarda kart infrastrukturundan istifadə xüsusilə əhəmiyyətlidir. Bu baxımdan son illərin göstəricilərinə nəzər salanda məlum olur ki, ölkədə fəaliyyət göstərən banklar tərəfindən emissiya edilən ödəniş kartlarının sayı ildən-ilə artır. Məsələn, son 4 ildə ödəniş kartlarının sayında 34%-lik artım qeydə alınıb. Belə ki, əgər 2010-cu ildə banklar tərəfindən 4,231 mln. ədəd kart emissiya edilibsə, 2013-cü ildə bu rəqəm 5,673 mln. ədədə bərabər olub.

(http://www.cbar.az/assets/2345/Debet_ve_kredit_kartlari_ile_aparilan_emeliyyatlar.pdf)

Banklar tərəfindən emissiya edilən ödəniş kartlarının sayı (2010-2013-cü illər üzrə)

2010-2013-cü illər arasında ölkə üzrə quraşdırılmış bankomatların və POS-terminalların sayında da ciddi artım müşahidə edilib. Belə ki, son 4 ildə ölkə üzrə quraşdırılmış bankomatların sayı 28%, POS-terminalların sayı isə 4,2 dəfə artıb.

(http://www.cbar.az/assets/2346/Bankomatlar_ve_Pos-terminallar.pdf)

Təbii ki, bütün bu amillər bu müddətdə ödəniş kartları ilə həyata keçirilən əməliyyatların sayı və həcminin də müvafiq olaraq çoxalmasına səbəb olub. Belə ki, əgər 2010-cü ildə ödəniş kartları ilə aparılan əməliyyatların sayı təxminən 47 mln. ədəd, həcmi isə 6,056 mlrd. manat təşkil edibsə, 2013-cü ildə bu göstərici müvafiq olaraq təxminən 68 mln. ədəd və 10,296 mlrd. manat olub. Başqa sözlə, son 4 ildə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 44,7%, həcmi isə 70% artıb. (http://www.cbar.az/assets/2345/Debet_ve_kredit_kartlari_ile_aparilan_emeliyyatlar.pdf)

Ödəniş kartları ilə aparılan əməliyyatların sayı və həcmi (2010-2013-cü illər üzrə)

Son 4 ildə ödəniş kartları ilə həyata keçirilən əməliyyatlarda nağdsız əməliyyatların çəkisi də nəzərəçarpacaq dərəcədə çoxalıb. Belə ki, 2010-cu ildə ödəniş kartları ilə həyata keçirilən əməliyyatların 92,9%-ni nağd pul vəsaitinin çıxarılması, 7,1%-ni isə nağdsız əməliyyatlar təşkil edib. 2014-cü ildə isə ödəniş kartları ilə həyata keçirilən əməliyyatların 75,7%-ni nağd pul vəsaitinin çıxarılması, 24,3%-ni isə nağdsız əməliyyatlar təşkil edib.

(http://www.cbar.az/assets/2345/Debet_ve_kredit_kartlari_ile_aparilan_emeliyyatlar.pdf)

Ödəniş kartları ilə həyata keçirilən əməliyyatlarda nağdsız əməliyyatların çəkisi (2010-2013-cü illər üzrə)

Ölkədə nağdsız ödənişlər dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən beynəlxalq təcrübə əsasında həyata keçirilən Milli Ödəniş Sistemi infrastrukturunun yaradılması və inkişaf etdirilməsi istiqamətində geniş islahatlar səbəb olub. 2001-ci ilin əvvəllərində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS), 2002-ci ilin sonlarından etibarən isə milli telekommunikasiya şəbəkəsinin bazasında Milli Ödəniş Sisteminin infrastrukturunun ikinci mühüm elementi olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi yaradılaraq istifadəyə verilib.

Bundan başqa, kommunal xidməti müəssisələrinin Milli Ödəniş Sisteminin imkanlarından daha səmərəli və effektiv istifadə etməsi və kommunal xidmətləri üzrə ödənişlərin yığım səviyyəsinin artırılması, habelə bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi məqsədi ilə AMB tərəfindən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) 2008-ci ilin iyulun 11-də istismara verilib. Layihənin sonrakı mərhələsində ölkə rəhbərinin vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması, göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi istiqamətində verdiyi tapşırıqların vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədi ilə KÖMİS-in texniki və funksional imkanları genişləndirilərək “Hökumət Ödəniş Portal”ı (HÖP) yaradılıb.

Hal-hazırda respublikada fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları ilə yanaşı Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Miqrasiya Xidməti, DİN-in BDYP idarəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stasionar telefon xidməti platformasında fəaliyyət göstərən tabeli qurumları (“Bakı Telefon Rabitəsi” İB, “Aztelekom” İB, Məlumat Hesablaşma Mərkəzi), eyni zamanda “Azərfon” MMC və “Azercell Telekom” MMC-nin daxili informasiya sistemləri HÖP-ə inteqrasiya olunub.

Layihənin cari mərhələsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət roqanları tərəfindən göstərilən xidmətlər üzrə ödənişlərin HÖP vasitəsilə qəbul olunması, həmçinin agentlik tərəfindən qurulacaq “ASAN ödəniş” sisteminin yaradılmış infrastruktura inteqrasiya olunması istiqamətində intensiv işlər gedir.

Yeri gəlmişkən, 2014-cü ilin üç rübü ərzində HÖP-də ümumi məbləği 749 mln. manat olmaqla 19.4 mln. ədəd ödəniş tranzaksiyası emal olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmi üzrə 55.7% (268 mln. manat), tranzaksiyaların sayı üzrə isə 10.7% (1868 min ədəd) artım deməkdir.

Portala inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 276 növdə xidmətlərlə bağlı ödənişlərin respublikanın bütün regionlarında, o cümlədən Naxçıvan MR-də "Azərpoçt" MMC-nin və 42 bankın 1500-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın yenilənmiş internet resurslarından istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb.

Hazırkı dövrdə Mərkəzi Bank tərəfindən Milli Ödəniş Sistemi infrastrukturunun beynəlxalq aləmdə bu istiqamətdə baş verən son tendensiyalar nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədi ilə “Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində AZİPS sistemi daha müasir texniki və sistem platformasında yenidən qurulacaq və sistemin beynəlxalq şəbəkə infrastrukturları ilə paralel olaraq, Lokal Telekommunikasiya Şəbəkəsindən də istifadə etməsi imkanı yaradılacaq. Layihə çərçivəsində həmçinin XÖHKS-in funksional imkanları müasir ödəniş alətlərinin dəstəklənməsi baxımından təkmilləşdiriləcək və eyni zamanda hər iki sistem üzrə yeni ehtiyat mərkəzdə infrastruktur imkanlar yaradılacaq.

Bununla belə, nağdsız hesablaşmaların istifadə olunması qiymətlərin müəyyən qədər tənzimlənməsi və ən azı istehlak bazarına psixoloji təzyiqin və ya təsirin aradan qaldırılmasına səbəb olur. O həm vəsaitin hərəkətinə nəzarət etməyə, satış və xidmət obyektinin dövriyyəsini müəyyənləşdirməyə və sonradan vergidən yayınmanın qarşısını almağa imkan verir, eləcə də inflyasiyanın cilovlanması və ya tənzimlənməsində önəmli rol oynayır. Düzdür, son illərdə AMB-nin həyata keçirdiyi tədbirlər ölkədə nağdsız hesablaşmaların həcminin artmasına səbəb olsa da, bu hələ istənilən səviyyədə deyil. Müşahidələr göstərir ki, həm sahibkarların, həm də əhalinin nağdsız hesablaşmalara marağını artırmaq üçün müəyyən bonus sistemlərinin eləcə də, nağdsız ödəniş zamanı müxtəlif vergi güzəştlərinin tətbiqinə ehtiyac var.

Qeyd edək ki, hazırda Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi, hər bir təsərrüfat subyektinin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha fəal istifadəyə təşviq edilməsi, innovativ ödəniş aləti və texnologiyalarından istifadənin genişləndirilməsi məqsədi ilə ödəniş sistemləri və nağdsız hesablaşmalar sahəsində beynəlxalq aləmdə baş verən son inkişaf tendensiyaları nəzərə alınmaqla “2015-2020-ci illərdə Azərbaycan Respublikasında nağdsız hesablaşmaların və müasir elektron ödəniş xidmətlərinin tətbiqinin genişləndirilməsi üzrə Dövlət Proqramı” yeni redaksiyada hazırlanır. Sənəddə ölkədə elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi və yeni xidmətlərin tətbiqi ilə əhatə dairəsinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin hüquqi və institusional bazasının gücləndirilməsi və istifadəsi üzrə maarifləndirmənin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi qeyd olunub. Eyni zamanda, elektron bankçılığın inkişafı, nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi üzrə tədbirlər bu layihədə öz əksini tapıb. Nağdsız hesablaşmaların inkişafı istiqamətində stimullaşdırıcı tədbirlərin əhəmiyyəti nəzərə alınaraq əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsi üzrə müvafiq tədbirlərin realizasiyası da nəzərdə tutulub.

Azərbaycan Mərkəzi Bankı tərəfindən elan edilən “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” mövzusunda məqalə müsabiqəsinə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR