Zimbabvedə yeni prezident bu gün and içəcək

Zimbabvedə yeni prezident bu gün and içəcək
# 24 noyabr 2017 02:37 (UTC +04:00)

Zimbabvenin yeni prezidenti “Timsah” ləqəbli Emmerson Mnanqaqva bu gün ölkə paytaxtı Xarara şəhərində and içərək 2018-ci ilin avqustunda keçiriləcək növbəti prezident seçkilərinədək vəzifəsinin icrasına başlayacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, E.Mnanqaqva bu postu 37 il ölkə rəhbəri olmuş Robert Muqabenin istefasından sonra tutub.

Zimbabve prezidenti Robert Muqabe noyabrın 21-də parlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra istefa verib.

Qeyd edək ki, noyabrın 6-da Emmerson Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra Zimbabvedə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb. Robert Muqabenin televiziya vasitəsilə xalqa müraciətində istefa barədə danışacağı gözlənilsə də, o bəyan edib ki, Zimbabve xalqı ölkədəki böhranı sülh yolu ilə müstəqil olaraq həll etməkdə qərarlıdır.

Noyabrın 19-da, Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək ölkənin 93 yaşlı prezidentini sədr postundan kənarlaşdıraraq noyabrın 20-dək istefa verməyə çağırıb. Partiyanın yeni sədri Emmerson Mnanqaqva olub. Bundan sonra televiziya vasitəsi ilə xalqa müraciət edən R.Muqabe yaxın həftələr ərzində istefaya getməyəcəyini bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR