Qaya Əliyev: “Çox təəssüf edirəm ki, Mirmahmud bəy qeyri-ciddi adamların ümidinə qalıb”

Qaya Əliyev: “Çox təəssüf edirəm ki, Mirmahmud bəy qeyri-ciddi adamların ümidinə qalıb”
# 12 sentyabr 2012 12:49 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Partiyada elə qeyri-demokratik şərait yaradılıb ki, bu adamlar özləri təşəbbüslə çıxış etmək iqtidarında deyillər”. Bunu APA-ya açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Qaya Əliyev xəyanətkarlıqda ittiham olunmasına münasibət bildirərkən deyib. Q. Əliyev ünvanına səslənən fikirləri qeyri-ciddi hesab edib: “Mənə və Fikrət bəyə ünvanlanan ittihamlar qeyri-ciddi ittihamlardır. Biz partiyanın legitim sədr müavinləriyik. Fikrimcə, partiyanın sədri öz səlahiyyətlərindən alternativ fikri, təşəbbüsü yatırmaq üçün istifadə edir. Biz buna imkan verməyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə partiyada demokratik şərait quraq. Biri var tənqid, biri var təhlil, bir də var təklif. Tənqidi kənara qoyaq. Məlum olur ki, bu adamlar nəinki təhlilə, heç təklifə dözümlü deyillər. Mən çox təəssüf edirəm ki, Mirmahmud bəy belə qeyri-ciddi adamların, saray təlxəklərinin ümidinə qalıb”.

Q. Əliyev partiyanın sədr müavinliyindən uzaqlaşdırılması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, hal-hazırda partiya sədrinin müavinidir və bu vəzifədən uzaqlaşdırılması ilə bağlı heç bir sərəncamla tanış deyil.

KXCP sədrinin müavini Fikrət Cəfərov yersiz ittihamlara cavab vermək istəmədiyini söyləyib.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil isə bəyan edib ki, Fikrət Cəfərovun və Qaya Əliyevin xəyanətkar elan olunması düzgün deyil və bu, partiyanın mövqeyini əks etdirmir: “Hansısa vətəndaşın mövqeyinin bizim partiyanın mövqeyinə dəxli yoxdur. Onların partiyadan uzaqlaşdırılması və xəyanətkarlıqda ittiham olunması partiyanın rəsmi mövqeyi deyil. Bunu da partiya adından elan etmək səhv addımdır. Fikrət bəy hal-hazırda sədr müavinidir. Qaya bəy isə partiyanın üzvüdür. Sədr müavini xəyanətkar olsa, partiyada müavinlikdə qalmaz. Yəni bu cür ittihamlar həqiqətə uyğun deyil”.

B. Əbil Q. Əliyevin müavinlikdən uzaqlaşdırılması məsələsinə də aydınlıq gətirib: “Qaya bəyin sədr müavini olmaması ilə bağlı sərəncam verilib. O, xeyli müddətdir ki, partiyanın yığıncaqlarına, İdarə Heyətinə gəlmir. Ona görə də, partiyanın rəsmi orqanında bu ilin may ayında elan olundu ki, Qaya bəy müavinlikdən kənarlaşdırılır. Yığıncaqlara qatılmırsa, onu görmürüksə, bu sərəncamı onun özünə şəxsən təqdim edək ki, xəbəri olsun?”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR