«Uşaq aləmi» və «Camel Aktive» mağazalarının əmlakı vergi borcuna görə siyahıya alınıb

«Uşaq aləmi» və «Camel Aktive» mağazalarının əmlakı vergi borcuna görə siyahıya alınıb
# 13 mart 2012 09:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti vergi borclarının alınması şöbəsinin əməkdaşları Nərimanov rayonu, Ağa Nemətulla küçəsi,47 ünvanda yerləşən «Aranlı» istehsalat təchizat və kommersiya firmasına məxsus «Uşaq aləmi» mağazasında əmlakın siyahıya alınması tədbirləri həyata keçiriblər.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, vergi əməkdaşları tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində «Uşaq aləmi» mağazasında əsas borc 11 313,41 manat, faiz və maliyyə sanksiyası borcu 3 743,48 manat olmaqla cəmi 15 056,89 manat məbləğində vergi borcunun olduğu müəyyənləşib. Bu il yanvar ayının 17-də vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş göndərilib, yanvarın 24-də isə Vergi Məcəlləsinə uyğun olaraq obyektin əmlakının siyahıya alınması haqqında qərar çıxarılıb.

Martın 9-da vergi əməkdaşları tərəfindən mağazada nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 21 447 manat dəyərində uşaq geyimləri, oyuncaqlar və müxtəlif əşyalar müvafiq qaydada siyahıya alınıb.

Vergi əməkdaşları Nəsimi rayonu, Dəmiryolu Vağzalının şərq hissəsində yerləşən, Mirzəyev Əli Mirzə oğluna məxsus (VÖEN 1401702592) ətriyyat mağazasında da əmlakı siyahıya alıblar. Vergi əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində Ə.Mirzəyevə məxsus mağazada 4 394,66 manat vergi borcunun olduğu müəyyən edilib, ötən ilin dekabrın 29-da ona borcun ödənilməsinə dair bildiriş göndərilib, 2012-ci ilin yanvarın 24-də isə obyektdə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Martın 9-da Ə.Mirzəyev əmlakın siyahıya alınması prosesi zamanı vergi borcunun 1000 manat məbləğində olan hissəsini yerindəcə ödəmiş, qalan hissə müqabilində isə mağazadakı müxtəlif kosmetika və ətriyyat məhsulları müvafiq qaydada siyahıya alınıb.

Həmin gün vergi ödəyici Hüseynov Cəmil Faiq oğluna məxsus (VÖEN 1401154332) Səbail rayonu, Ü.Hacıbəyov küçəsi,16 ünvanında yerləşən «Camel Aktive» geyim mağazasındakı əmlak da siyahıya alınıb. Vergi əməkdaşları tərəfindən 2011-ci ilin iyul ayında aparılmış yoxlama nəticəsində vergi ödəyicisində 4 528,67 manat vergi borcunun olduğu aydınlaşıb, 2011-ci il dekabrın 21-də vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş göndərilib, bu ilin yanvarın 24-də isə ona məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. «Cəmil Hüseynov əmlakın siyahıya alınması prosesi zamanı vergi borcunun 2 min manat məbləğində olan hissəsini yerindəcə ödəyib, qalan hissə müqabilində isə mağazadakı geyim məmulatları müvafiq qaydada siyahıya alınıb», - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR