“Eurosport” Azərbaycan haqqında film çəkib

“Eurosport” Azərbaycan haqqında film çəkib
# 26 aprel 2012 10:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftahəddinova, futbol üzrə milli yığma komandanın oyunçusu Rauf Əliyev və “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov “Eurosport” kanalının Azərbaycan haqqında lentə aldığı 13 dəqiqəlik “Pass sport” filmində çəkiliblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, yunan-roma güləşi üzrə 2004-cü ildə Afina Olimpiya oyunlarının qalibi, ikiqat dünya çempionu Fərid Mansurov filmdə bələdçi kimi çıxış edərək UNESCO-nun mədəni irsinə daxil edilmiş İçərişəhərə gəzinti edir və Azərbaycanın tarixi, mədəni zəngin irsi haqqında məlumat verir.

Atıcılıq üzrə Sidney Olimpiya oyunlarının qızıl mükafatçısı Zemfira Meftahəddinova isə filmdə Azərbaycan xalqının qonaqpərvərliyindən danışır. 5 yaşlı oğlu Ruslanla birlikdə müasir ticarət mərkəzlərindən birində gəzintiyə çıxan olimpiya çempionu Bakının çoxmillətli şəhər, əhalisinin isə qonaqpərvər olduğunu diqqətə çatdırır.

Nigar Camalla ifa etdiyi duetdən sonra “Eurovision”u qazanan Eldar Qasımov Azərbaycan idmanının uğurlarından, idmançılarımızın əldə etdiyi qələbələrdən, idman infrastrukturundan söz açır.

“Mənim ən böyük arzularımdan biri Bakının 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etməsidir. Bu bizim üçün böyük şərəf olmaqla yanaşı, Azərbaycanın idmana verdiyi böyük diqqət və önəmin də bariz nümunəsi ola bilər”, - deyə E. Qasımov bildirir.

Film Azərbaycanın futbol üzrə milli yığma komandasının üzvü Rauf Əliyevin dənizkənarı Milli Parkdakı gəzintisi ilə bitir. “Bakıda yaşamaq, işləmək, oynamaq və ya sadəcə turist kimi gəlməyinizdən asılı olmayaraq, əminik ki, bu şəhər sizin sevimlinizə çevriləcək”, - deyə R. Əliyev filmə yekun vurur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR