Özbəkistan Azərbaycan investorlarını əməkdaşlıq dəvət edir

Özbəkistan Azərbaycan investorlarını əməkdaşlıq dəvət edir
# 13 mart 2012 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanlı sahibkarlara Özbəkistanın Buxara şəhəri və Kaşkadar vilayətində birgə layihələri həyata keçirmək üçün əməkdaşlıq təklif olunur.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Buxarada yerləşən «Qufik-Avisenna» şirkəti 1999-cu ildən geniş fəaliyyət göstərir. Bu şirkətin tam adı «Qufik-Avisenna» Özbəkistan-Hindistan birgə müəssisəsidir. Şirkətin əsas fəaliyyəti texnologiyalardan tam istifadə etməklə müxtəlif dərman preparatlarının (həblər, kapsullar, maz və kremlər) istehsalı, keyfiyyətin idarə edilməsi, həyata keçirilməsi və lisenziya əsasında dərman preparatlarının, həmçinin psixotrop preparatların istehsalından ibarətdir. Hazırda şirkət öz səhmlərini satışa çıxarıb və xarici investorların bu şirkətin səhmdarları olmaqlarında maraqlıdır. Təklif olunan səhmlərin investisiya şərtlərindən asılı olaraq həcmi 30%-dən 100%-ə qədər dəyişir.

Qeyd edək ki, «Qufik-Avisenna» müəssisəsinin nizamnamə kapitalı 1,4 mln. dolları təşkil edir. Şirkətin sərəncamında bina və tikililər, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, yükqaldırma vasitələri, müxtəlif kompüterlər, mebel və ofis ləvazimatları mövcuddur. Müəssisənin mülkiyyətində 3,7 hektar ərazi var.

Eyni zamanda, Kaşkadar vilayəti də Azərbaycan sahibkarlarına öz investisiya potensialını təqdim edir. Belə ki, Kaşkadar vilayəti Özbəkistanın cənubunda, Pamir-Alay dağlarının qərb hissəsi və Kaşkadar çayının vadisində yerləşir. Bu vilayət Türkiyə, Yunanıstan, İtaliya, İspaniya və ABŞ kimi ölkələrlə eyni coğrafi enliyi paylaşır. Vilayətin ərazisi Belçika və Albaniya ilə müqayisə olunur, əhalisinin sayı isə 2,7 mln-dan çoxdur. Hazırda Kaşkadar vilayətində kənd təsərrüfatı və qida sənayesi, mineral və xammal hasilatı və emalı, sənaye potensialı, neft-kimya sənayesi, toxuculuq sənayesi, xarici ticarət, nəqliyyat infrastrukturu, sosial və rekreasiya xidmətləri kimi sahələrdə canlanma müşahidə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR