Fikrət Məmmədov və Ramiz Rzayev İngiltərədə Avropa Məhkəməsinin fəaliyyətinə həsr olunan konfransda iştirak ediblər

Fikrət Məmmədov və Ramiz Rzayev İngiltərədə Avropa Məhkəməsinin fəaliyyətinə həsr olunan konfransda iştirak ediblər
# 23 aprel 2012 17:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Məhkəmə-Hüquq Şurasının üzvləri və Ədliyyə Nazirliyinin məsul əməkdaşları İngiltərənin Brayton şəhərində Avropa Məhkəməsinin fəaliyyətinə həsr olunan konfransda iştirak ediblər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Fikrət Məmmədov tədbirdə çıxış edərək Azərbaycanda aparılan məhkəmə islahatlarından danışmış, ədalət mühakiməsinin daha mükəmməl həyata keçirilməsi, bu məqsədlə hakimlərin sayının artırılması barədə məlumat verib.

Konfrans çərçivəsində Avropa Məhkəməsinin sədri, İnsan hüquqları üzrə yeni Avropa komissarı və AŞ-nın digər rəsmiləri ilə görüşlər keçirilib, eyni zamanda, bir sıra dövlətlərin ədliyyə nazirləri və nümayəndə heyətlərinin rəhbərləri ilə əməkdaşlığa dair faydalı danışıqlar aparılıb.

Qeyd edək ki, son illər Avropa Məhkəməsinin fəaliyyətinə xüsusi diqqət yetirilir, məhkəməyə edilən şikayətlərin sayı həddindən çox olduğundan bu problemin həlli yolları araşdırılır. Belə ki, hazırda məhkəmənin icraatında olan 150 min şikayətə baxmaq üçün 20 il vaxt lazımdır. Hər il isə müxtəlif Avropa dövlətlərindən 60 mindən çox yeni ərizə göndərilir. Bütün şikayətlərin yarısından çoxu yalnız 4 ölkədən: Rusiya, Türkiyə, Ukrayna, Rumıniyadan daxil olur. Azərbaycandan isə ərizələrin sayı orta Avropa rəqəmindən 1,3 dəfə azdır. Şikayətlərin 90%-i Konvensiyaya uyğun olmadığından icraata qəbul edilmir və məhkəmənin iş yükünün əsassız artımı ilə nəticələnir. Məsələ ilə bağlı 2010-cu ildə İnterlakendə (İsveçrə), 2011-ci ildə İzmirdə (Türkiyə) Avropa ədliyyə nazirlərinin konfransları təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR