Bank Of Baku

Azərbaycanın xarici işlər naziri: “Ermənistanın yeni xarici işlər naziri ilə görüşməyin əleyhinə deyiləm”

Azərbaycanın xarici işlər naziri: “Ermənistanın yeni xarici işlər naziri ilə görüşməyin əleyhinə deyiləm”
# 15 aprel 2008 09:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. O, həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair təkliflər irəli sürməli olduğunu deyib: “Ola bilsin ki, buna qədər xarici işlər nazirləri arasında tanışlıq xarakteri daşıyan görüş keçirilsin. Mən Ermənistanın xarici işlər naziri ilə görüşməyin əleyhinə deyiləm, onu hətta üzdən belə tanımıram. Amma bu görüşün nə vaxt və harada keçirilməsi məsələsini həmsədrlər müəyyənləşdirməlidir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etməliyik, amma Ermənistan da gərək konstruktiv mövqedən çıxış etsin. Ermənistan nə qədər tez konstruktiv mövqeyə gəlsə, bu, bir o qədər bu ölkəyə və ümumilikdə regiona pozitiv təsir göstərəcək”.
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin birmənalı şəkildə dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həllini vacib sayıb: “BMT Baş Assambleyasında qəbul olunan qətnamə tam şəkildə bizim mövqeyimizi əks etdirir. Bizim mövqeyimiz dəyişməz qalır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz yurdlarına qayıtmalıdır. Bildiyiniz kimi, bu mövqe hərtərəfli dəstək qazanıb. O cümlədən NATO-nun Buxarest sammitinin yekin bəyannaməsində də bu mövqeyə tam dəstək verilib. Bəyannamədə Azərbaycanla yanaşı, Moldova, Ermənistan və Gürcüstanın da ərazi bütövlüyünün tanınması məsələsi də öz əksini tapıb”.
Elmar Məmmədyarov Ermənistan xarici siyasət idarəsinə yeni rəhbər təyin olunmasının danışıqlar prosesinin sıfır nöqtəsindən başlaması anlamı daşımadığını bildirib: “Hesab etmirəm ki, Ermənistan xarici işlər naziri postuna yeni təyinatla əlaqədar danışıqlar prosesi yenidən başlasın. Bu, əvvəlki danışıqların davamı olacaq. Biz artıq Praqa prosesi çərçivəsində çox məsələləri razılaşdırmışıq və bu prosesi davam etdirməliyik. Beynəlxalq ictimaiyyət də artıq bunu qəbul edir, amma Ermənistan qəbul etmir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsini müzakirə edə bilərik”.
Elmar Məmmədyarov Bolqarıstana gözlənilən səfəri çərçivəsində bu ölkənin prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşlərinin planlaşdırıldığını bildirib: “Bu səfər Bolqarıstan prezidentinin Bakıya səfəri zamanı başlanan dialoqun davamı olacaq. Azərbaycanla Bolqarıstanın münasibətləri uğurla inkişaf edir. Bu əməkdaşlığın inkişafı xüsusilə iqtisadi, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə daha çox nəzərə çarpır. Biz həmçinin “Nabucco” layihəsi çərçivəsində də əməkdaşlıq edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR