Hidayət Orucov: “Əvvəllər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi qurumları qanunsuz qeydiyyata alıb”

Hidayət Orucov: “Əvvəllər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi qurumları qanunsuz qeydiyyata alıb”
# 16 aprel 2007 09:23 (UTC +04:00)
- Azərbaycanda dini durumun səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycanda dini durum tamamilə sabit və dözümlüdür. Həm dövlət rəsmisi, həm də ziyalı kimi, açıq şəkildə bildirirəm ki, ölkədə bu sahədə narahatlığa əsas yoxdur. Mən müxtəlif təbəqələrin adamları ilə görüşlər keçirirəm. Cəmiyyət təkcə dindarlardan ibarət deyil. Sədr təyin olunduqdan sonra keçirdiyim çoxsaylı görüşlərdən sonra belə bir nəticəyə gəldim ki, biz hamımız eyni cür düşünürük. Azərbaycan dünyəvi dövlətdir və əbədi olaraq da dünyəvi dövlət kimi yaşayacağına əminik. Dünyəvilik Azərbaycana hədiyyə verilməyib. Dünyəvilik Azərbaycana ixrac olunmayıb, model kimi gəlməyib.
Azərbaycanda dini siyasiləşdirmək, ondan siyasi məqsədlər üçün istifadə etmək istəyənlər var. Azərbaycan cəmiyyəti buna kəskin olaraq mənfi münasibət bildirir.
Müəyyən dövlətlər öz modellərini Azərbaycanda yaymaq istəyirdilər. İndi belə meyllər çox zəifləyib. İstər müsəlman, istərsə də, qeyri-müsəlman ölkələri bundan ötrü vəsait xərcləyirdilər. Əqidə cəhətdən zəif, ehtiyac içində olan bəzi insanları özlərinə tərəf çəkməyə cəhd edirdilər. İndi mən müxtəlif kiçik qruplardan danışmaq istəmirəm. Belə qruplar həmişə olub, amma çalışmaq lazımdır ki, gələcəkdə olmasın. Bu adamlar dərk eləmirlər ki, dünyəvilik Azərbaycan xalqının milli sərvətidir. Bunu biz özümüz qazanmışıq. Nizami Gəncəvinin əsərlərində də xurafata böyük etiraz var. Fikir verin, Nizami bunu hələ XII əsrdə yazıb. Dünyəvi ölkə kimi Azərbaycan heç vaxt zəifləyə bilməz, bu böyük həqiqətdir. Kiçik qruplar ictimaiyyətə təsir etmək gücündə deyil və günü-gündən zəifləyirlər. Regionun digər dövlətləri ilə müqayisədə radikal dini qruplar Azərbaycanda elə də canlı görünə bilməyib.
- Nizami Gəncəvinin XII əsrdə etiraz etdiyi xurafata qarşı bu gün də mübarizə aparmağa böyük ehtiyac olduğunu hiss etmirsiniz?
- Mən Cəlil Məmmədquluzadənin yaradıcılığını çox sevirəm və onun “Ölülər” pyesini demək olar ki, əzbər bilirəm. Həmin əsərə müxtəlif quruluşlarda baxmışam. “Ölülər” tamaşasına bu gün də böyük həvəslə baxıram. Əlbəttə, xurafata qarşı həmişə mübarizə aparmaq lazımdır. Bundan başqa, cəmiyyətdə psixoloji cəhətdən zəif insanlara da yardım etməyə ehtiyac var. Mənə elə gəlir ki, cəmiyyətdə psixi xəstələr olduqca xurafata uyan insanlar da olacaq. Bunsuz mümkün deyil. Mən xurafatı sağlam olmayan psixi düşüncənin təzahürü sayıram. Əsrlər boyu Azərbaycanın ictimai fikri xurafata qarşı mübarizə aparıb. Mirzə Fətəli Axundov birdən-birə meydana çıxmayıb. Niyə görə müsəlman Şərqində ilk qəzet, ilk peşəkar dramatik teatr, ilk opera teatrı və tamaşası və nəhayət, bunların məntiqi nəticəsi olaraq 1918-ci ildə sırf demokratik respublika Azərbaycanda yaranıb? Bunların hamısı dünyəvi dünyagörüşünün məhsuludur. Belə bir cəmiyyətin də dinə münasibəti özünəməxsus olur. İnsanlar dini etiqad azadlığını və sərbəstliyini qoruyaraq, dinə etiqad edirlər. Din Tanrıya tapınmaq vasitəsidir. Din vasitəsilə insan Tanrıya müraciət edir. Əsil yüksək cəmiyyət budur. Həm dünyəvilik, həm dinə məhəbbət, həm də dini etiqad azadlığı. Bunu Azərbaycandan almaq və nə iləsə əvəz etmək absurddur.
- Siz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanda bu sahədə çoxmu problem var idi və bu problemləri nə dərəcədə həll etmisiniz?
- Mən bu barədə bir dəfə danışmışam və yenidən bu məsələyə qayıtmaq istəmirəm. Məncə, gələcəyə baxmaq və bütün işləri dövlət siyasətinin əsasında qurmaq lazımdır. Dövlət Komitəsinin sədri kimi çalışdığım müddət ərzində fəaliyyətim bu əsaslara uyğun müəyyənləşib. İndi Dövlət Komitəsi sistemində hər şey yenidən qurulur.
- Bildirmişdiniz ki, dini icmaların qeydiyyatında yaranan tıxacı tezliklə aradan qaldıracaqsınız.
- Bu elə də böyük məsələ deyildi. Bu sahədə yaradılan bütün süni əngəllər aradan qaldırılıb. Bir çox məsələlər Dövlət Komitəsi yaranan dövrdən yığılıb qalmışdı. 2001-ci ildən qeydiyyat üçün müraciət edən bəzi dini icmaların müraciətlərinə hələ baxılmamışdı. Yüzlərlə belə müraciət var idi. Bunların araşdırılması və həll edilməsi, əlbəttə, vaxt apardı. Biz onları obyektiv həll etdik. Dini icmaların qeydiyyata alınması məsələsi sadələşdirildi. Məsələ burasındadır ki, illərlə yığılıb qalan problemlərə heç bir münasibət bildirilməmişdi. Hətta o vaxt qeydiyyat üçün müraciət edən icmaların bəziləri fəaliyyətini də dayandırmışdı. Bundan əlavə, elə qurumlar var idi ki, qanunsuz qeydiyyata alınmışdı. Qeyd etdiyim kimi, bu problemlər artıq arxada qalıb.
- Azərbaycanın hansı bölgəsi dini münasibətlər baxımdan daha həssasdır?
- Dinin özü çox həssas məfhumdur. 71 il sovet qadağalarına baxmayaraq, Azərbaycanın bir çox regionları öz dini dəyərlərini qoruyub saxlaya bilib. O yerlərdə ki, sovet qadağaları rejimində din həmişə, ardıcıl olub, həmin bölgələrdə daha həssasdır. Din o qədər həssasdır ki, məsələn, hansısa bir ucqar dağ rayonunda din sahəsində baş verən bir insident dərhal bütün ölkəyə yayılır. İndiki dövrdə informasiyanın mediasız yayılması çox çətindir. Mənə elə gəlir ki, dini məlumatlar mediasız da sürətlə yayıla bilər. Bu, çox maraqlıdır. Din eyni zamanda çox mürəkkəb sahədir. Dinə qarşı çox həssas və diqqətli olmaq lazımdır.
- Azərbaycanda yayılan dini qruplar iki hissəyə bölünüb: radikallar və liberallar. Bu gün ölkədə vəhhabilərin radikal, nurçuların isə liberal dini fəaliyyətlə geniş formada fəaliyyət göstərdiyi bildirilir. Bu iki dini missiyanın ölkədə nə qədər təhlükəsi var?
- Azərbaycandakı təriqətlərdən danışmağa başlasam vaxtımız çatmaz. Azərbaycanda çox dini təriqət var. İstər islam, istərsə də, qeyri-islam olsun. Mən onların adını ayrı-ayrılıqda çəkmək istəmirəm. Elə sünni və şiə təriqətlərini götürün. Bu iki təriqət arasında unikal münasibətlər mövcud olub və heç vaxt qarşıdurma meylləri baş verməyib. Bunun özü də böyük mədəniyyət və intellektin göstəricisidir. Azərbaycana XX əsrin sonlarından “yenidənqurma” adlandırılan dövrdə qeyri-ənənəvi təriqətlər gəlib. Sakit həyat keçirən, başqa konfessiyalara mane olmayan, dinlər və məzhəblərarası münasibətləri qızışdırmayan qeyri-ənənəvi təriqətlərə normal yanaşırıq. Hansı təriqəti təmsil etməyindən asılı olmayaraq, onlar Azərbaycan vətəndaşlarıdır. Ancaq radikal qrupların bəziləri dinlər və məzhəblərarası münasibətləri gərginləşdirməyə cəhd edirlər. Bunlar təmsil etdikləri təriqətləri və dini digərlərindən uca tutmağa cəhd göstərirlər. Bu Azərbaycanda yolverilməzdir. Azərbaycan əhalisinin təxminən 96 faizi müsəlmanlardır. Lakin Azərbaycan dövləti dini konfessiyalar arasında fərq qoymur. Yəni onların hər birinə eyni nəzərlə baxır.
- Son vaxtlar, tez-tez hüquq-mühafizə orqanları qadağan olunmuş dini fəaliyyətlə məşğul olan müxtəlif dini qrupların üzvlərini həbs edirlər.
- Cinayətkarın dini etiqadı yoxdur. Onun adı elə cinayətkardır. Mən uzun müddət milli siyasətlə, eyni zamanda din siyasətlə məşğul olmuşam. Cinayətkardan milli mənsubiyyəti və dini etiqadı soruşulmur. Sizin dediyiniz şəxslərin həbs edilməsinə gəlincə isə, bu adamlar konkret cinayət törədiblər. Onlar hansısa təriqətə mənsub olduqları üçün deyil, cinayət törətdikləri üçün həbs ediliblər. Müəyyən dairələr yanlış ictimai fikir formalaşdırmağa çalışırlar.
- Sizə qədər Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi arasında müəyyən bir fikir ayrılığı mövcud idi. Cəmiyyət bu iki qurum rəhbərliyini bir-birinə qarşı duran tərəflər kimi görürdü. Siz Dövlət Komitəsinin sədri təyin olunandan sonra problem həll edilmiş kimi görünür.
- Siz özünüz də təsdiq edirsiniz ki, belədir. Artıq cəmiyyət hiss edir ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında problem yoxdur. Burada söhbət ancaq əməkdaşlıqdan gedə bilər. Dövlət Komitəsinin əsas funksiyalarından biri də odur ki, dini qurumların fəaliyyətinə lazımi şərait yaratsın. Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqazın ən böyük dini qurumudur. Dövlət Komitəsi dövlətin din siyasətini həyata keçirir, bu sahədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, eyni zamanda dini qurumların problemlərinin həlli ilə məşğul olur. Mən bu iki qurum arasında problemin mümkünlüyünü görmürəm. Bu problem əvvəllər siz dediyinizdən də daha sərt formada mövcud olub.
- Dövlət Komitəsi Həcc ziyarətinin təşkilində hansı formada iştirak edə bilər?
- Dövlət Komitəsi Həcc ziyarətinin təşkili ilə məşğul olmur. Bu məsələ ilə Qafqaz Müsəlmanları İdarəsi məşğul olur.
- Yazıçı olduğunuzu unutmamısınız ki?
- Yazmaq üçün burnumun ucu göynəyir. Çox təəssüf ki, indi bir sətir də yaza bilmirəm. Xüsusilə də Dövlət Komitəsinin sədri təyin olunandan sonra heç nə yaza bilməmişəm. Köhnə işimdə hərdənbir publisist yazılarım olurdu. Amma indi vaxt yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR