Bank Of Baku

QMİ Məhərrəm ayının və Aşura gününün tarixini açıqlayıb

QMİ Məhərrəm ayının və Aşura gününün tarixini açıqlayıb
# 11 iyun 2026 13:39 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciət edib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq QMİ-dən məlumat verilib.

Bildirilib ki, Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək.

"Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, qazılar və imamlar AR “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan din xadimləri tərəfindən məscidlərdə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən moizələr və xütbələr oxunmalıdır. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək", - müraciətdə deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR