Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yeni yol hissəsi salınıb

Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yeni yol hissəsi salınıb
# 16 sentyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən dairədə nəqliyyat sıxlığının qarşısını almaq məqsədi ilə yeni yol hissəsi salınıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq avtonəqliyyat vasitələri dairəyə daxil olmadan yeni yol hissəsindən istifadə etməklə geriyə dönmə əməliyyatını yerinə yetirərək, hərəkətlərini davam etdirə bilərlər.

Bundan öncə isə geri dönmə əməliyyatını həyata keçirmək üçün nəqliyyat vasitələri dairəyə daxil olublar, digər istiqamətlərdən də bura nəqliyyat hərəkəti olduğu üçün günün pik saatlarında sözügedən ərazidə tıxac yaranıb.

Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində salınan yeni yol hissəsinin uzunluğu 33 metr, eni isə 11,5 metrdir. Yeni yol hissəsinin salınması ilə paralel olaraq, ərazidə təmir-tikinti işləri də həyata keçirilib.

Bundan başqa sözügedən ərazidə yenilik də edilib. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə tətbiq edilib. Burda təqribən 250 kvadrat metr sahədə rəngli asfalt-betondan istifadə olunub. Rəngli asfalt-betondan istifadə olunaraq asfaltlanmış ərazinin uzunluğu isə 1 kilometrə yaxındır.

Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur.

Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün kənarlarında olan sütunlar tünd qırmızı rəngdə olduğu üçün körpünün kənarlarına və yol ayrıcına da eyni rəngdə asfaltın döşənməsi qərara alınıb. Bu həm vizual olaraq gözəl görünür, həm də bir növ sınaq məqsədi daşıyır.

Gələcəkdə bu cür asfaltın başqa yerlərdə, əsasən səkilərə, piyada zolaqlarına, dairələrə və s. bu kimi yerlərə də döşənməsi işləri aparıla bilər.

Analoji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR