ARDNŞ-ın Türkiyədə sahibi olduğu şirkətin ötən ilki ixracatının dəyəri açıqlanıb

ARDNŞ-ın Türkiyədə sahibi olduğu şirkətin ötən ilki ixracatının dəyəri açıqlanıb
# 22 may 2014 15:32 (UTC +04:00)

Bakı - APA. Türkiyənin 2013-cü ildə ən çox ixracat həyata keçirən şirkətlərinin adları açıqlanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, səhmlərinin 61,32%-i “SOCAR&Turcas Enerji A.Ş”-a (ARDNŞ-ın Türkiyə bölməsi) məxsus olan “Petkim Petrokimya Holding” A.Ş siyahıda 82-ci yerdə qərarlaşıb.

“Petkim Petrokimya Holding A.Ş” 2013-cü ildə 765 milyon 751 min 682,21 dollar dəyərində məhsul ixrac edib. Bu, 2012-ci illə müqayisədə 20,74% azdır. “Petkim Petrokimya Holding A.Ş” 2012-ci ildə 966 095 820,72 dollar dəyərində məhsul ixrac edib.


Qeyd edək ki, 30 may 2008-ci il tarixində keçirilmiş hərracda “Petkim Petrokimya Holdinq A.Ş”-nin səhmlərinin 51%-i 2 mlrd. 40 milyon dollara “SOCAR&Turcas Enerji A.Ş” tərəfindən əldə edilib. 2012-ci ildə 10,32 “Petkim Petrokimya Holdinq A.Ş”-nin səhmlərinin 10,32%-i də alınıb. “Petkim Petrokimya Holdinq A.Ş”-nin nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sənayesini xammalla təchiz edən “Petkim”in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR