Gələn həftə Bakıda beynəlxalq neft konfransı keçiriləcək

Gələn həftə Bakıda beynəlxalq neft konfransı keçiriləcək
# 01 noyabr 2013 15:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Noyabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının dəstəyi ilə keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” beynəlxalq konfransı öz işinə başlayır.

APA-Economics”in məlumatına görə, “Iteca Caspian” MMC və “Practical Solutions Group” şirkəti konfransa təşkilati dəstək göstərirlər.

Konfransda 250 nəfərlik nümayəndənin iştirakı gözlənilir. Onların arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var.

İştirakçılar neft sənayesində ətraf mühitin mühafizəsi üzrə ən yeni texnologiyaların tətbiqi və bu sahədə əldə olunan nailiyyətləri müzakirə edəcəklər. Həmçinin beynəlxalq konfransda neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, ofşor (dəniz) neft-qaz əməliyyatlarının su hövzələrinə təsiri, neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası və idarə olunması, neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma, neft-qaz əməliyyatlarında alternativ enerji və enerji səmərəliliyi kimi mövzular müzakirə olunacaq.

Bundan başqa, konfrans çərçivəsində ARDNŞ-ın son illərdə həyata keçirdiyi iri ekoloji layihələr, o cümlədən şamda yandırılan qazın azaldılması, yeni tullantı mərkəzinin yaradılması, gənclər arasında maarifləndirmə və bu sahədə İDEA ilə sıx əməkdaşlığın qurulması barəsində iştirakçılara məlumat veriləcək.

Tədbirə birbaşa dəstək göstərən Azərbaycan Dövlət Neft Şirkəti həm də konfransın baş sponsorudur. Konfransın digər sponsorları arasında BP (“Qızıl” sponsor), “Total” (“Gümüş” sponsor), “Cross Caspian Oil&Gas Logistics LTD”, “EKOL Engineering Services” “AZLAB” və “Earth” (“Bürünc” sponsor) kim şirkətlər yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR