Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzi yaradılacaq

Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzi yaradılacaq
# 27 fevral 2014 10:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOIKA) «Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması Layihəsi» çərçivəsində ölkəmizə mütəxəssis qrupu ezam edib.

Azərbaycan Rabitə və Texnologiyaları Nazirliyindən (RİTN) «APA-Economics»ə verilən məlumata görə, martın 7-dək Bakıda olacaq koreyalı mütəxəssislər RİTN-də azərbaycanlı həmkarları ilə görüşlər keçirərək layihə ilə bağlı bir sıra məsələləri müzakirə edəcək.

Nümayəndə heyətinin başlıca məqsədləri azərbaycanlı dövlət qulluqçuları üçün standartlaşdırılmış informasiya-kommunikasiya texnologiyalarını (İKT) tövsiyə etmək və yenidən işləmək, həmçinin KOIKA-nın qrant layihəsi çərçivəsində Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması ilə bağlı İnformasiyalaşdırılmış Strategiya Planını hazırlamaqdan ibarətdir. Koreyalı mütəxəssislər həmçinin İT bacarıqları və İT təhsil sistemi ilə bağlı mövcud vəziyyəti araşdırmaq, dövlət qulluqçularının, xüsusilə İT sahəsində potensialın artırılması ilə bağlı RİTN-in tələblərini təhlil etmək və Nazirliyin bu sahədəki gələcək planlarını öyrənmək niyyətindədirlər. Təhlilə əsasən, RİTN-in mövcud sisteminin yaxşılaşdırılması üçün təşkilati işlər, iş prosesi və onun idarə olunması ilə bağlı tövsiyələr veriləcək.

Koreyalı və azərbaycanlı mütəxəssislərin həmçinin onlayn kontentlər, layihənin qrafiki ilə bağlı müzakirələr aparacağı da nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması ilə bağlı Koreya XİN və Azərbaycan RİTN arasındakı Qrant Razılaşması 2013-cü il aprelin 18-də Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb. Büdcəsi 3,7 mln. ABŞ dolları olan bu layihə KOIKA tərəfindən həyata keçirilir. Layihənin məqsədləri Elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR