RİTN: TASİM layihəsi çərçivəsində Xəzəraltı kabel magistralının yaradılması mühüm addım olacaq

RİTN: TASİM layihəsi çərçivəsində Xəzəraltı kabel magistralının yaradılması mühüm addım olacaq
# 05 sentyabr 2013 10:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA-Economics. BMT Baş Assambleyasının 67-ci sessiyası zamanı Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı (ABA) üzrə qətnamə qəbul edilib.

APA-Economics”in xəbərə görə, bu qətnamənin gələcək illərdə Azərbaycan üçün hansı əlavə imkanlar açacağı ilə bağlı suala aydınlıq gətirən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu qətnamənin qəbulu “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi ilə bilavasitə əlaqədardır.

Onun sözlərinə görə, belə tip layihələrin region üçün əhəmiyyətini nəzərə alaraq regionlar ölkələrinin bura diqqətini artırmaq məqsədilə Avrasiya Rabitə Alyansının yaradılması təklifi irəli sürülüb: “BMT-də olan müzakirələr də göstərdi ki, belə bir alyansın yaradılması, müvafiq layihələrin həyata keçirilməsi dünyada gedən proseslərlə tam uzlaşır. İlk növbədə dünyanın bütün kommunikasiya infrastrukturunun gücləndirilməsi, vətəndaşların bu texnologiyalardan istifadə edərək öz hüquqlarının həyata keçirilməsi, informasiyanın əldə edilməsi üçün yeni imkanlar əldə etməsi üçün belə tipli layihələrə ciddi ehtiyac var. Azərbaycanın təşəbbüsü olan bu layihə BMT səviyyəsində artıq 3-cü dəfədir dəstəklənir. Bunun özü çox müsbət bir haldır”.

E.Vəlizadə qeyd edib ki, TASİM layihəsi regionda Avropadan Çinə qədər olan bir ərazini əhatə edir və 20-yə yaxın ölkənin ərazisindən keçəcək: “Layihə çərçivəsində Xəzəraltı əlavə kabel magistralının tikintisi gözlənilir ki, bu da Azərbaycan üçün önəmli məsələdir. Hazırda Qazaxıstan və Türkmənistanla bu istiqamətdə danışıqlar davam etdirilir. Bu layihədə Qazaxıstanın operatoru nəzərdə tutulan konsorsiumun əsas iştirakçılarındandır. Ona görə də adıçəkilən ölkə ilə bu danışıqlar daha intensiv şəkildə aparılır. Azərbaycanın təklifi ilə TASİM layihəsi çərçivəsində Xəzəraltı kabel magistralının yaradılması əhəmiyyətli addımlardan biri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR