Ukraynada 416-cı diviziyanın əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub - FOTOSESSİYA

Ukraynada 416-cı diviziyanın əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 11 may 2013 09:55 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Nikolayev vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə vilayətin Bessarabka kəndində azərbaycanlılardan ibarət 416-cı Taqanroq Atıcı Diviziyasının əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi olub. Azərbaycan televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri Möhsüm Qədiroğlunun APA-ya verdiyi xəbərə görə, mərasimi Berezanski rayonunun Veteranlar Cəmiyyətinin sədri Nikolay Qorbatenko açaraq 2-ci Dünya Müharibəsinin qələbə tarixinə əbədi imza atmış 416-cı Taqanroq diviziyasının keçdiyi rəşadətli döyüş yolu haqqında ətraflı danışıb. Mərasimə qatılanlara dərin minnətdarlığını bildirən Heydər Əliyev adına Nikolayev Vilayət Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yunis Əliyev döyüş yoluna 1942-ci ildə Mozdok şəhərindən başlayan 416-cı Azərbaycan Diviziyasının Ukraynanın, Moldovanın, Polşanın və bir sıra ölkələrin faşistlərdən azad olunmasında göstərdiyi şücaətdən bəhs edib.

Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Sübhan Hüseynli, Rusiyanın Odessadakı konsulu Andrey Aksyonov, Nikolayev şəhər azsaylı xalqlar departamentinin rəhbəri Anar Axundov və digər rəsmi şəxslər də çıxış edərək qələbənin əldə olunmasında istər Azərbaycanın qəhrəman oğul və qızlarının, istərsə də Bakı neftinin müstəsna əhəmiyyətini vurğulayıblar.

416-cı diviziyada döyüşmüş müharibə veteranları Əmralı Əmralıyev və Məhəmməd Hüseynov 1944-cü ildə diviziyanın qərargahının yerləşdiyi Bessarabka kəndində döyüş yoldaşlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında iştirak etmələrini həyatlarının ən xoş və unudulmaz anı kimi qiymətləndiriblər.

Sonra Azərbaycan, Ukrayna və Rusiyanın dövlət himnlərinin sədaları altında abidə kompleksinin rəsmi açılışı olub. Kompleksin önündə hər üç ölkənin dövlət bayraqları qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR