Azərbaycan XİN: Vyana Konvensiyasına əsasən, İran diplomatlarımızın Təbrizdə həbs olunmuş vətəndaşlarımızla görüşünə imkan yaratmalıdır

Azərbaycan XİN: Vyana Konvensiyasına əsasən, İran diplomatlarımızın Təbrizdə həbs olunmuş vətəndaşlarımızla görüşünə imkan yaratmalıdır
# 14 may 2013 09:38 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. “Vyana Konvensiyasına əsasən, konsul vəzifəsini icra edən vəzifəli şəxslər təmsil etdikləri ölkənin vətəndaşları ilə sərbəst şəkildə görüşə bilər və belə şəxslərin vətəndaşlarla görüşmək üçün imkanları olmalıdır”. Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

O qeyd edib ki, Vyana Konvensiyasının 36-cı maddəsinə əsasən, konsulların ölkəsinin həbsxanada, təcridxanada saxlanan vətəndaşları ilə görüşmək, söhbət etmək, onlara hüquqi yardım göstərilməsi üçün tədbirlər görmək hüququ var.

Eyni zamanda səlahiyyətli orqanlar ləngimə olmadan konsulluq xidmətinə bu ölkənin vətəndaşının həbs olunması və ya saxlanması barədə məlumat verməlidir: Hazırda aprelin 30-da Təbrizdə saxlanmış Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynovla görüşün təşkili üçün İran tərəfi ilə danışıqlar aparılır. Ümidvarıq ki, İran tərəfi ən qısa müddətdə Vyana Konvensiyasının müddəalarına uyğun olaraq diplomatlarımızın saxlanan vətəndaşlarımızla görüşünə şərait yaradacaqlar. Ümid edirik ki, İran tərəfi ölkələrimiz arasında dinc qonşuluq münasibətlərini nəzərə alacaq”.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Möhsün pak Ayin APA TV-yə verdiyi açıqlamada bildirib ki, istintaq başa çatana və iş məhkəməyə verilənə qədər həbs olunan Xalidə Xalid və Şamxal Hüseynovla görüş mümkün deyil. O tərəfləri səbir nümayiş etdirməyə və təhqiqatın nəticələrini gözləməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR