Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının iclasında Yəməndəki vəziyyətlə bağlı çıxış edib

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının iclasında Yəməndəki vəziyyətlə bağlı çıxış edib
# 28 sentyabr 2013 16:22 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 7037-ci iclasında Yəməndəki vəziyyətlə bağlı çıxışında deyib: “Körfəz Əməkdaşlıq Şurası Təşəbbüsü tərəfindən müəyyən olunmuş cədvələ müvafiq olaraq Milli Dialoq Konfransının başlanması və aparılması Yəmən keçid prosesi üçün zəruri olub. Ziddiyyətlərin və mübahisəli məsələlərin yenidən ortaya çıxmasına baxmayaraq, Milli Dialoqda müəyyən edilmiş cədvələ və onun məqsədlərinə əməl olunması gözlənilən nəticələrin əldə edilməsi üçün mütləqdir.

Mövcud maneələrdən asılı olmayaraq, dialoqda bütün siyasi qüvvələrin və qrupların iştirakının davamlı olması və onların bu vacib məsələyə töhfə vermələri əsasdır. Keçid prosesinə müdaxilə qəbuledilməzdir və bu xüsusda, bütün aidiyyəti tərəflər öz məsuliyyətlərini dərk etməlidirlər.

Keçid prosesinin digər vəzifələri sırasında olan və Milli Dialoqdan irəli gələn ən vacib vəzifələr Körfəz Əməkdaşlıq Şurasının Təşəbbüsündə əks etdirildiyi kimi yeni Konstitusiyanın layihəsinin hazırlanması və 2014-cü ildə ümumi seçkilərin keçirilməsidir”.

Nazir qeyd edib ki, daxili təhlükəsizlik xüsusi əhəmiyyət kəsb edən məsələdir: “Təəssüflər olsun ki, terrorizm təhlükəsi kəskin olaraq qalır. Onlarca insanın həyatına son qoyan terror əməlləri ilə bağlı yayılan yeni məlumatlar narahatlığımıza səbəb olur. Bu cür hallar təkrarlanmamalı və günahkarlar hesab verməlidirlər.

Humanitar və iqtisadi vəziyyət də öz növbəsində beynəlxalq birlik və donorlar tərəfindən Hökumətin səylərinin davamlı şəkildə dəstəklənməsini tələb edir”.

E. Məmmədyarov deyib ki, Azərbaycan Yəməndə yuxarıda qeyd olunan keçid prosesinin məqsədlərinə nail olunması və milli barışın əldə olunmasına yönəlmiş birgə və qərarlı səylər vasitəsilə bu ölkədə sülh və siyasi sabitliyin qorunmasına böyük əhəmiyyət verir.

Biz, bir daha Yəmənin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə tam dəstəyimizi vurğulayırıq. Bu ölkə hazırda demokratik və hərtərəfli dövlətin qurulmasına yönəlmiş nailiyyətlərinin möhkəmləndirilməsi və siyasi məqsədlərinə doğru irəliləməsi ilə bağlı keçid dövrünü yaşayır. Yəmənə öz tarixində bu cür vacib mərhələni adlaması üçün davamlı beynəlxalq dəstəyin göstərilməsi olduqca zəruridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR