DİN-in Polis Akademiyasını bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmaları ilə bağlı tədbir keçirilib

DİN-in Polis Akademiyasını bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmaları ilə bağlı tədbir keçirilib
# 04 sentyabr 2013 14:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, tədbirdə iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və bu üsulun son illər artıq praktikada özünü doğrultduğunu bildirib. O, qeyd edib ki, Polis Akademiyasını bitirmiş məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər. Nəticədə məzunlardan 72-si Bakı və Nəqliyyatda Baş Polis idarələrinin orqan və hissələrində, 49-u isə onların istəkləri nəzərə alınmaqla daimi yaşadıqları yerlər üzrə ərazi polis qurumlarında zabit vəzifələrinə təyinat alıblar.

Tədbirə yekun vuran Ramil Usubov orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə məzunları təbrik edib. Namizədlərə daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edən nazir əmin olduğunu bildirib ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, ölkəmizdə sabitliyin dönməzliyinə, cinayətkarlıqla qətiyyətli mübarizəyə öz töhfələrini verəcək, onlara göstərilmiş etimadı doğruldaraq dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəklər.

Sonda püşkatmada iştirak etmiş bütün iddiaçılar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə orta rəis heyətinə vəzifələrinə təyin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR