İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib
# 21 aprel 2014 14:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qurumun struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə nazir Şahin Mustafayev bu ilin I rübündə qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Ş. Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Belə ki, müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və infrastruktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsinin vacibliyi vurğulanıb, 2014-cü ildə sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da gücləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, maarifləndirmə, biznes forumların və s. tədbirlərin davam etdirilməsi, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası barədə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

Ölkə başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının mühüm vəzifə kimi qarşıya qoyulduğu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, qeyri-neft ixrac potensialının gücləndirilməsi, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, ixrac məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, logistik mərkəzlərin yaradılması işlərinin sürətləndirilməsi barədə nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilib.

Nazirliyin müşavirəsində ekoloji tədbirlərin davam etdirilməsi, göllərin, xüsusilə Böyükşor gölünün təmizlənməsi sahəsində işlərin sürətləndirilməsi və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına qədər layihənin birinci mərhələsinin tam başa çatdırılmasının, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Müşavirədə İ. Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR