Yaponiyanın "Fuji Optical" şirkəti İmişlidə məcburi köçkünlərə eynək paylayıb

Yaponiyanın "Fuji Optical" şirkəti İmişlidə məcburi köçkünlərə eynək paylayıb
# 22 aprel 2014 16:18 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. Doktor Akio Kanainin rəhbərlik etdiyi mütəxəssislər qrupu İmişlidə qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı ailələrə optik eynəklər paylayıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-nın Mil-Muğan bürosuna bildirilib ki, tanınmış yapon alimi və “Fuji Optical” özəl şirkətinin rəhbəri doktor Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda keçirdiyi növbəti humanitar aksiya çərçivəsində İmişli rayonunda olub.

Humanitar aksiya çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə məcburi köçkün qəsəbəsində göz müayinəsindən keçmiş 400-ə qədər məcburi köçkünə eynək paylanıb.

Akio Kanainin rəhbərlik etdiyi mütəxəssislər qrupu daha sonra Beyləqan, Xocavənd və Füzuli rayonlarında məcburi köçkünlər üçün göz müayinəsi həyata keçirəcək. Aprelin 28-dən isə bu xidmət Bakı şəhərində qaçqınlar, məcburi köçkünlər və BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) səlahiyyətində olan digər şəxslər üçün təşkil olunacaq. Yardım proqramı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi və yerli hakimiyyət orqanlarının koordinasiyası əsasında həyata keçirilir.

Qeyd edək ki, QAK BMT-nin ixtisaslaşmış qurumlarından biri olmaqla, dünyada olan qaçqınların himayəsi sahəsində beynəlxalq müdaxilələrin idarə olunması, əlaqələndirilməsi, həmçinin qaçqınların problemləri üçün davamlı həll yollarının axtarılması vəzifəsini daşıyır. QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin salınmış geniş sayda məcburi köçkünə, eyni zamanda digər ölkələrdən olan minlərlə qaçqına və sığınacaq axtaran şəxslərə yardım göstərmək üçün 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR