ARDNŞ “Bulla-dəniz”dəki istismar quyusunda qazma dəzgahını işə salıb

ARDNŞ “Bulla-dəniz”dəki  istismar quyusunda qazma dəzgahını işə salıb
# 22 aprel 2014 15:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Bulla-dəniz” yatağındakı yeni istismara verilmiş 122 saylı stasionar dəniz özülündə qazılacaq 124 saylı birinci istismar quyusunun qazma dəzgahının işə salınma mərasimində iştirak edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bildirilib ki, 2013-cü ilin noyabr ayından etibarən ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşasına başlanılan 122 saylı stasionar dəniz özülün tikintisi Şirkətin “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdirilib.

İki hissədən - istehsalat və yaşayış sahələrindən ibarət olan özül hər birinin uzunluğu 47 metr olan 2 ədəd piyada körpüsü ilə əlaqələndirilib. Burada işçilərin rahat və təhlükəsiz çalışması üçün 100 nəfərlik müasir vaqon tipli məişət-yaşayış kompleksi tikilib, özül Amerika-Çin istehsalı olan ən müasir qazma avadanlıqları, 11 ədəd yanalma və minik meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz edilib.

Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 6 ədəd dizel elektrik generatoru və 1 ədəd köməkçi generator quraşdırılıb, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. Özüldən qazılacaq quyulardan sutkada ümumilikdə 450 ton kondensat və 2,4 mln. kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur. Qazma prosesi zamanı quyuların işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq. Özüldə istismar işləri N. Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək. Gələcəkdə hasil olunacaq qaz və kondensatın təhlükəsiz nəqli məqsədi ilə ümumi uzunluğu 6 kilometr olan özüllərarası boru xətlərinin tikintisi nəzərdə tutulub.

Görülmüş işlərdən razılığını bildirən R. Abdullayev yataqda qazılacaq 124 saylı birinci istismar quyusunda qazma dəzgahını işə salıb. ARDNŞ prezidentinə məlumat verilib ki, layihə dərinliyi 6 000 metr olan bu quyu Məhsuldar Qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədi ilə “Kompleks Qazma İşləri” Tresti tərəfindən qazılacaq. Qazma prosesi karbohidrogen əsaslı qazma məhlulundan istifadə etməklə ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsi ilə həyata keçiriləcək, quyunun işinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılacaq.

ARDNŞ prezidenti ölkənin qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan qaz hasilatı, qaz-nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR