SKMF Xankəndi sahibkarlarına 235 min manat güzəştli kredit verib

SKMF Xankəndi sahibkarlarına 235 min manat güzəştli kredit verib
# 18 aprel 2014 12:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xankəndindən olan məcburi köçkün sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə veriən məlumata görə, 80-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində SKMF tərəfindən Türkiyədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə hazırlanmış və regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr - kiçik cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının, süd emalı, arıçılıq və balın emalı, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir.

Qeyd edilib ki, indiyədək 1 238 məcburi köçkün sahibkara 28,8 mln. manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 2 600-ə yaxın yeni iş yerinin yaradılması mümkün olub. Təkcə, 2014-cü ilin ötən dövrü ərzində 38 məcburi köçkün sahibkara 2,9 mln. manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilib ki, bu kreditlər hesabına 140-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 20,9 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xankəndindən olan 8 məcburi köçkün sahibkara 235 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 20-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş işgüzar forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR