Azərbaycanın dialekt sistemi atlası yaradılacaq

Azərbaycanın dialekt sistemi atlası yaradılacaq
# 18 aprel 2014 11:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İranda, Gürcüstan yaşayan, o cümlədən qərbi azərbaycanlıların dialekt xüsusiyyətləri ümumiləşdirilərək Azərbaycanın dialekt sistemi atlası yaradılacaq.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev akademiyanın ümumi yığıncağında çıxışı zamanı deyib ki, bu istiqamətdə hazırda müəyyən işlər görülür. Onun sözlərinə görə, dialektologiyanın inkişaf etdirilməsi, bu sahədə ekspedisiyaların aparılması təkcə elmi məsələ deyil. Bunun tarixi, siyasi, ictimai məsələ olduğunu deyən T. Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş rayonlarının şivələri pərakəndə şəkildə qalıb və məhv olub gedir: “Qərbi Azərbaycan və Qarabağdan gələnlərin folklor ədəbiyyatlarını toplamaq lazımdır. Bu işlərə prezident İlham Əliyev xüsusi diqqət yetirir. Bu işdə AMEA-nın Folklor İnstitutu daha faydalı işlər görür. Qarabağın folklor materiallarına aid cildlərlə kitab çap edib. Amma dialektologiyada bu işlər görülmür. Müəyyən dərəcədə tədqiqat gedir, amma dialektik materiallarının toplanması, xüsusilə nəşrləri yoxdur. Prezidentin diqqəti sayəsində dialektologiyanın qorunması ilə bağlı Dilçilik İnstitutu da öz işini formalaşdırır. Naxçıvanın, Qarabağın dialektoloji atlası üzərində iş gedir. Bu da bütöv Azərbaycan dialekt sistemi atlasının hazırlanmasının bir hissəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR