CAR-da Azərbaycanın Respublika Günü qeyd edilib - FOTOSESSİYA

CAR-da Azərbaycanın Respublika Günü qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 may 2013 15:22 (UTC +04:00)

Bakı – APA. Mayın 22-də Cənubi Afrika Respublikasının inzibati paytaxtı Pretoriyada Azərbaycanın CAR-dakı səfirliyi tərəfindən 28 may – Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirə ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, Azərbaycan və Türkiyə icmasının nümayəndələri, ötən il təsis edilmiş “Azərbaycanın Dostları” yerli qeyri-hökumət təşkilatının üzvləri, yerli KİV-lər və iş adamları qatılıblar.

Ziyafət tədbirində hər iki dövlətin himninin səsləndirilməsindən sonra səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edib. Qonaqlara Azərbaycan və 28 may – Respublika Günü barədə məlumat verən diplomat, səfirliyin təsis edildikdən sonra iki il ərzində fəaliyyəti, dövlətlərarası əlaqələrin inkişafı, baş tutmuş qarşılıqlı səfərlər və səfirliyin perspektiv planları barədə danışıb.

Daha sonra yerli ictimaiyyət adından CAR Milli Ticarət Departamentinin üzvü olan Milli Lotoreya Şurasının sədri, professor Alfred Nevhutanda Azərbaycan və ingilis dillərində çıxış edib. Azərbaycanda 2007-ci ildə olduğunu bildirən qonaq, ölkəni öz ikinci vətəni hesab etdiyini söyləyib və Azərbaycanda gedən inkişaf prosesini nümunəvi adlandırıb.

Cənubi Afrika dövləti adından çıxış edən Sosial İnkişaf Departamentinin baş direktoru Koseko Pakade (Coceko Pakade) Azərbaycan Respublikasını 28 may – Respublika Günü münasibətilə ürəkdən təbrik edib. O, CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verdiyini deyib.

Daha sonra E. Poluxov və K. Pakade tərəfindən üzərində Azərbaycan və CAR bayraqları əks olunmuş tort kəsilib və qonaqlar milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR