Suriya əsilli türkiyəli şərhçi: “Cenevrə-2 konfransında sürpriz ola bilər”

Suriya əsilli türkiyəli şərhçi: “Cenevrə-2 konfransında sürpriz ola bilər”
# 13 fevral 2014 09:26 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Suriya müxalifəti ərəb əlifbasını soldan sağa oxuyur.” Bu sözləri Cenevrə-2 konfransının gedişini APA-ya şərh edən Suriya əsilli türkiyəli jurnalist Hüsnü Mahalli deyib. O, konfransda iqtidarın və Suriya Milli Şurası üzvlərinin eyni masa arxasında oturmalarının önəmini vurğulayıb: “Suriyadakı iqtidarın müxalifətə təklifi daim bundan ibarət olub ki, ölkəyə qarşı yönəlmiş beynəlxalq miqyaslı terrorizmi birlikdə aradan qaldıraraq daha sonra bir yerdə hökumət quraq. Müxalifət isə əvvəlcə hökumət qurub sonra terrora qarşı birgə mübarizə aparmaq mövqeyindən hələ ki geri addım atmır. Bu isə iqtidarla müxalifət arasındakı dialoqun irəliləməsini əngəlləyir. Cenevrə-1 konfransının 10 maddədən ibarət yekun bəyannaməsinin bir maddəsi Suriyada terroru aradan qaldırandan sonra koalisiya hökuməti qurulmasıyla bağlıdır, ancaq, təəssüf ki, müxalifət buna əməl etmir. Ərəb əlifbasında sözlər sağdan sola oxunur, ancaq bizim müxalifət ərəb əlifbasını soldan sağa oxuyur”.

H. Mahalli Cenevrə-2 konfransında iqtidarla müxalifət arasında razılaşma əldə ediləcəyinə dair hər an sürpriz ola biləcəyini də sözlərinə əlavə edərək deyib ki, müzakirələrdən çıxacaq olan nəticəyə görə, iqtidar növbəti addımlarını müəyyənləşdirəcək.

Qeyd edək ki, təxminən 40 ildir Türkiyədə yaşayan Hüsnü Mahalli Orta Şərqdəki prosesləri yaxından izləyən bir jurnalistdir. Onun 20 gün əvvəl “Diren Suriya” kitabı çapdan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR