Vətəndaşın ailə vəziyyətinin dəyişilməsi barədə dövlət qeydiyyatının yeni prosedurunun tətbiqi təxirə salınıb

Vətəndaşın ailə vəziyyətinin dəyişilməsi barədə dövlət qeydiyyatının yeni prosedurunun tətbiqi təxirə salınıb
# 01 iyun 2014 10:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi barədə” 2012-ci il 21 noyabr tarixli 274 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, dəyişiklik vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan vətəndaşının ailə vəziyyətinin dəyişilməsi ilə bağlıdır.

Nazirlər Kabinetinin 2012-ci il 21 noyabr tarixli 274 saylı qərarına əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan vətəndaşının ailə vəziyyəti dəyişildikdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi qeydiyyat yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycanda ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməli olmaları barədə öhdəlikləri ləğv edilmişdi və bu, 2014-cü il yanvarın 1-dən qüvvəyə minməli idi.

Nazirlər Kabinetinin son qərarına əsasən bu müddət 2015-ci il dekabrın 1-ə qədər uzadılıb. Başqa sözlə, 2015-ci il dekabrın 1-ə qədər vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan vətəndaşının ailə vəziyyəti dəyişildikdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi qeydiyyat yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR