MSK Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin müraciətini təmin etməyib

MSK Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinin müraciətini təmin etməyib
# 16 oktyabr 2013 14:20 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


APA-nın məlumatına görə, yığıncaqda MSK-nın 13 oktyabr 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.


İclasda MSK-ya daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova məlumat verib ki, Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacıbəyli 33 saylı Xətai birinci seçki dairə üzrə bir sıra seçki məntəqələrində seçkilərin nəticələrinə dair protokolların tərtibindən MSK-ya şikayət edib. A.Muxtarova deyib ki, MSK M.Hacıbəylinin müraciətini araşdırıb. Məlum olub ki, müraciət konkret faktlara əsaslanmır və ümumi xarakter kəsb edir. Ona görə də Komissiya müraciəti hüquqi əsası olmadığından təmin etməyib.


Mustafa Hacıbəyli çıxış edərək müraciətinin əsaslı olduğunu və adı çəkilən DSK üzrə seçki məntəqələrinin yekun protokollarının real seçki nəticələrinə uyğun tərtib edilmədiyini bildirib.


MSK sədri Məzahir Pənahov isə deyib ki, müraciətlərin araşdırılması konkret faktlara əsaslanmalıdır: “Protokolların qanuna uyğun şəkildə tərtib olunması həm Milli Şuranın həmin məntəqələrindəki müşahidəçiləri, həm ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də digər beynəlxalq təşkilatların müşahidəçiləri tərəfindən imzalanmış aktlarda öz əksini tapıb”.


MSK üzvləri də çıxışlarında müraciət edənin şikayətinin sübuta yetirilmədiyini deyiblər. MSK açıq səsvermə nəticəsində müraciəti təmin etməyib.


İclasda Komissiya daxil olan digər məsələlərə də baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR