Əfqanıstanda ilk dəfə prezident seçkiləri keçirilib - KABULDAN XÜSUSİ REPORTAJ

Əfqanıstanda ilk dəfə prezident seçkiləri keçirilib - <span style="color: red;">KABULDAN XÜSUSİ REPORTAJ
# 05 aprel 2014 19:17 (UTC +04:00)

Əfqanıstan öz prezidentini seçir. İlk dəfə olaraq ölkə vətəndaşları dövlət başçısını birbaşa seçəcəklər. Dünya ictimaiyyətini diqqəti bu başı bəlalı Asiya dövlətində keçirilən seçkilərə yönəlib, “APA Holding” olaraq biz də bu seçkiləri internet qarşısında oturaraq deyil, birbaşa yerindən, Kabuldan işıqlandırmağa qərar verdik. İlkin gözləntilərimiz özünü doğrultmadı, əfqan seçicilər öz iradələrinin sərbəst şəkildə ifadə etməkdə çox maraqlı imiş. Məntəqələr qarşısındakı qələbəlik bunun bariz nümunəsidir. Artıq yerli vaxtla saat 15.00-da səsvermə hüququna malik olan vətəndaşların 62 faizi öz seçki hüququndan istifadə edib. Ölkədə seçkilər 6500 seçki məntəqəsində keçirilir, seçicilərin ümumi sayı isə 12 milyondan çoxdur.

Səbuhi Məmmədli: "Biz hazırda Kabulda seçkiləri izləyİrik. Kabulun mərkəzindəki Zarune Qız liseyində olduq. Seçki aktivliyi həddindən artıq yüksəkdir. Liseydə 6 məntəqə vardı. İnsanlar sərbəst şəkildə öz iradələrini ifadə edə bilirdilər. Amma bununla belə istər bu məntəqə, istərsə də Kabuldakı digər seçki məntəqələri, habelə şəhərin hər tərəfi silahlı əsgərlər tərəfindən sanki mühasirəyə alınıb. Güclü təhlükəsizlik tədbirləri Əslində bu da səbəbsiz deyil. Çünki Taliban bir müddətdir ki, seçki prosesini pozacağı barədə bəyanatlar yayır. Hədələrlə baxmayaraq, hələlik ölkə ərazisində ciddi insident qeydə alınmayıb. Təkcə Loqman şəhərində terror aktı olub ki, nəticədə 4 nəfər yaralanıb. Vardak şəhərində isə seçki məntəqəsinə silahlı basqın olub, lakin insident itkisiz ötüşüb”.

Bu arada onu da qeyd edək ki, Əfqanıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, seçkilərin təhlükəsizliyini 350 min polis və hərbçi qoruyur. Mərkəzi Seçki Komissiyası hələlik ciddi qanun pozuntusu qeydə almayıb.

Seçkilərin ilkin nəticələri mayın sonlarında bəlli olacaq. 50 faizdən çox səs toplayan şəxs dövlət başçısı seçiləcək. Yerli jurnalist Cavid Çayanını deyir ki, mübarizə Abdulqani Həhmatzay, Abdulla Abdulla və Zalmay Rəsul arasında gedəcək.

Cavid Çayanını: "Böyük ehtimalla ikinci tur olacaq. İkinci tur may ayın 28-ə nəzərə tutulub".

Bəs səslərin bu qədər gec sayılmasının səbəbi nədir? Həmkarımızın dediyinə görə, Əfqanıstanda minlərlə dağ kəndi var ki, orda nəinki internet, hətta elektrik enerjisi də yoxdur.

Cavid Çayanını: “Oradakı seçki bülletenlərinin əvvəl vilayət mərkəzinə, oradan da Kabula daşınması vaxt aparacaq. Dağ kəndlərindən seçki bülletenlərinin daşınması üçün hökumət 2700 eşşək ayırıb. Çünki həmin kəndlərə yol belə yoxdur. Bu səbəbdən nəticələrin açıqlanması bu qədər uzanacaq".

Seçki prosesini müşahidə edən NATO-nun Əfqanıstandakı hərbi kontingentinin müşaviri cənab Han jurnalistlərə açıqlamasında seçkilərin gedişindən razı qaldığını, bu seçkilərin demokratiyaya keçiddə mühüm rol oynadığını bildirib. APA TV-nin "Bu cür seçici aktivliyi gözləyirdinizmi” sualına cavablandıran Han insanların öz iradələrini nümayiş etdirdiyini vurğulayıb: "Seçici fəallığı yüksəkdir. İnsanlar öz iradələrini nümayiş etdirirlər. Güman edirəm ki, bu seçkilər Əfqanıstanın demokratik dövlət quruculuğunda önəmli rol oyanayacaq".

24 yaşlı Abdullah Rezzaq isə ilk dəfədir seçkilərdə iştirak edir: "Mən bu seçkilərə böyük ümid bəsləyirəm. Burada mənim vətənimin taleyi həll olunur. Mən gəncəm. Mən yaxşı gələcəyi olan, müharibəsiz, terrorsuz bir ölkədə yaşamaq istəyirəm. Ona görə də, gələcəyə, xoşbəxt Əfqanıstana səs vermək üçün buradayam".

Qeyd edək ki, ölkə üzrə 670 məntəqədə təhlükəsizlik təmin edilmədiyinə görə, məntəqələr açılmayıb. Bu arada seçici fəallığının ən zəif olduğu vilayətlər də məlum olub. Ən az aktivlik Qəndəhar, Xost və Kelmanda müşahidə olunur. Məhz bu vilayətlərdə “Taliban”ın mövqeləri möhkəm olduğundan insanlar təhdid altında ikən səsverməyə getməyə həvəsli deyillər. Ən böyük seçici aktivlik isə Kabulda və ölkənin şimalında, Məzari Şərif, Şibirqan, Bəlx və Pərvan vilayətlərindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR